Professor Tərbiz Əliyev Lənkəran Dövlət Universitetində məruzə ilə çıxış edib
- Oxunub 802 dəfə
Martın 27-də Lənkəran Dövlət Universitetində (LDU) “Elm günü”nə həsr olunmuş Dəyirmi masa keçirilib.
AMEA-nın tanınmış elm xadimləri, LDU-nun professor-müəllim heyəti, tələbələr, magistrantlar, doktorant və dissertantlar, gənc tədqiqatçıların iştirak etdiyi tədbiri universitetin rektoru vəzifəsini icra edən riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimov açıb. Professor Azərbaycan Respublikası Prezidentinin hər il 27 mart tarixinin “Elm günü” kimi təsis edilməsi haqqında Sərəncamının ölkədə elmin inkişafına təkan verəcəyini, bu sahədə əsaslı keyfiyyət dəyişiliklərinə yol açacağını, gənc tədqiqatçıların yetişməsinə stimul yaradacağını bildirib, LDU-da son illərdə bu istiqamətdə görülən işlərdən danışıb.
AMEA-nın Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov, Mikrobiologiya İnstitutunun direktoru, akademik Məmməd Salmanov, AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, professor Tərbiz Əliyev, Lənkəran Regional Elm Mərkəzinin direktoru, professor Fərman Quliyev, LDU-nun professorları - filolofiya elmləri doktorları Yədulla Ağazadə, Məsud Məmmədov və s. elmin müxtəlif sahələrinə aid məruzə və çıxışlarında təmsil etdikləri qurumların bu istiqamətdə fəaliyyətindən bəhs ediblər. Professor Tərbiz Əliyev “Azərbaycanda sənaye məhəllələrinin təşkili və perspektiv inkişafı” mövzusunda məruzə ilə çıxış edib. Məruzələr ətrafında müzakirələr aparlılb. Sonda professor N.İbrahimov tədbirdə fəal iştirak edən məruzəçilərə minnətdarlıq bildirib, onlara, o cümlədən professor T.Əliyevə təşəkkürnamə təqdim edib (economics.com.az).