Futbol komandamız ötən ilin cempionunu məğlub edərək yarımfinala çıxdı
- Oxunub 2163 dəfə
Aprelin 22-dən AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı, İşlər İdarəsi və Azad Həmkarlar İttifaqının (AHİ) dəstəyilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan Gənc Alim və Mütəxəssislərin VI İnstitutlararası Futbol Çempionatı keçirilir. 22 aprel - 15 may tarixlərində 16 komandanın iştirakı ilə keçirilən oyunlar AFFA-nın peşəkar hakim briqadası tərəfindən idarə edilir.
Yarışlara AMEA İqtisadiyyat İnstitutunun futbol komandası da çox fəal qatılıb. Mayın 2-də 1/4 finalda AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin komandası ilə oyuna çıxan komandamız inamlı oyun nümayiş etdirərək 3:1 hesabı ilə qalib gəlib. Ötən il keçirilən eyni adlı turnirin qalibi olmuş AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin komandasını məğlub edən AMEA İqtisadiyyat İnstitutunun futbol komandası yarımfinala çıxıb.
Xatırladaq ki, komandamız əvvəlki oyunlarda AMEA Şamaxı Astrofizika Rəsədxanasının komandasına 11:5, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun komandasına 5:0, AMEA Memarlıq və İncəsənət İnstitutunun komandasına 5:0 hesabı ilə qalib gəlmişdi.
Komandamızı təbrik edir və növbəti oyunlarda da qələbə arzulayırıq!