Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Dosent Rüfət Efendiyev BƏT-in 100 illiyinə həsr olunan konfransda məruzə ilə çıxış edib

  • Oxunub 806 dəfə

 Mayın 6-da Bakıda Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən BƏT-in 100 illik yubileyinə həsr olunan konfrans keçirilib.

  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edərək bildirib ki, dünyanın aparıcı təşkilatlarından biri olan BƏT-lə sıx əməkdaşlıq etmək Azərbaycana sosial-əmək mübahisələrinin tənzimlənməsində beynəlxalq təcrübəni öyrənmək və tətbiq etmək, sosial tərəfdaşlığı (hökumət, həmkarlar ittifaqları, işəgötürənlər) inkişaf etdirmək, əmək bazarının təkmilləşdirilməsi və tənzimlənməsində bəhrələnmək imkanı yaradır. Bu, həmçinin beynəlxalq təcrübəyə əsaslanan əmək qanunvericiliyi normalarının işlənib hazırlanmasına kömək edir, sahibkarlığın, eyni zamanda, kiçik biznesin inkişafına, məşğulluq problemlərinin həllinə təsir göstərir. 27 il ərzində AHİK-lə BƏT arasında əmək, əmək münasibətləri, məşğulluq, əməyin təhlükəsizliyi və mühafizəsi, əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində fəal əlaqələr yaradılıb, son 12 il ərzində 88 seminar, 30 konfrans, 40-dan çox subregional görüş, təlim kursları, forumlar, təqdimatlar və tədbirlər keçirilib.

 Tədbirdə Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev,  BƏT-in Mərkəzi Asiya və Avropa üzrə işçilərin fəaliyyəti bürosunun rəisi Serqius Qlovaskas və s. çıxış ediblər.  Konfrans daha sonra öz işini 3 panel üzrə - “Əməyin gələcək sferası. Qlobal komissiyanın hesabatı”, “Dayanıqlı inkişafın məqsədi (8-ci məqsəd-layiqli əmək)”, “Sosial dialoq və sosial partnyorluq” məsələləri ətrafında qruplarda davam etdirib, çıxışlar dinlənilib və iştirakçılar arasında fikir mübadiləsi aparılıb.

 Konfransda AMEA İqtisadiyyat İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, i.f.d., dos. Rüfət Efendiyev də yaxından iştirak etmiş, “Sosial dialoq və sosial partnyorluq” mövzusu çərçivəsində məruzə ilə çıxış etmişdir (economics.com.az).