Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun alimi UNEC-də elmi konfransda iştirak edib

  • Oxunub 746 dəfə

 İyulun 9-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Ömürboyu təhsil və liderlik” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. UNEC-in və Türkiyənin Sakarya Universitetinin birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda ABŞ, İngiltərə, Yaponiya, Çexiya, İtaliya, Latviya, Portuqaliya, Polşa daxil olmaqla 40-a yaxın ölkədən 250-dək təhsil və elm adamları iştirak edib.

  Konfransda UNEC-in  prorektoru, dosent Anar Rzayev, Sakarya Universitetinin professoru Osman Titrek, Böyük Britaniyanin Uorvik (Warwick) Universitetinin professoru Malkom Hoare, Portuqaliyanın Koimbra Universitetinin professoru Karlos Sousa de Reis və İtaliyanın Padova Universitetinin professoru Mişel Biasutti iqtisadiyyat və təhsil arasındakı əlaqələr, təhsil liderliyi mövzularında çıxışlar ediblər.

 Konfransdan sonra panel iclaslarında ömürboyu təhsilin müxtəlif istiqamətləri üzrə məruzələr dinlənilib. AMEA İqtisadiyyat İnstitutunun Qloballaşma və beynəlxalq münasibətlər şöbəsinin aparıcı elmi işçisi, i.f.d., dos. Samirə Abasova “Azərbaycanda ali təhsildə mütəxəssislərin hazırlanmasında innovativ yanaşmalar və metodlar” mövzusunda çıxış etmiş, ona fəal iştirakına görə müvafiq sertifikat verilmişdir.

 Qeyd edək ki, konfransa yerli və xarici alimlərin təqdim etdiyi 350-dək məqalə elm komitəsi tərəfindən təsdiqlənib. Konfrans materialları Thomson Reuters “Web of Science” bazasında yer alan SSCI indeksli “Sustainability” jurnalında çap olunmaq üçün seçiləcək. Bundan əlavə, konfrans ESCI və SCOPUS indekslərində yer alan jurnallarla da əməkdaşlıq edir.