Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

AMEA-nın müxbir üzvü Əli Nuriyevin 80 illiyinə həsr olunmuş tədbir keçirildi

  • Oxunub 1151 dəfə

 Oktyabrın 11-də AMEA İqtisadiyyat İnstitutunda AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor, əməkdar elm xadimi Əli Nuriyevin anadan olmasının 80, elmi-pedaqoji fəaliyyətinin 55 illiyinə həsr olunmuş yubiley sesiyası keçirilidi. Tədbiri giriş sözü ilə açan AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli görkrəmli iqtisadçı alimi təbrik etdi, ona elmi fəaliyyətində yeni uğurlar arzuladı.

  Sonra Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri, iqtisad elmləri doktoru, professor Məhiş Əhmədov “Böyük və zəngin yaradıcılıq yolu”, millət vəkili, siyasi elmlər doktoru, prof. Elman Nəsirli “Əli Nuriyevin Dövlət İdarəçilik Akademiyasında elmi-təşkilati fəaliyyəti və onun nəticələri”, Sumqayıt Dövlət Universitetinin müəllimi, iqtisad elmləri doktoru, professor Şəfa Əliyev “Müdrik insan və kamil müəllim” mövzularında məruzə ilə çıxış etdilər.  AMEA-nın müxbir üzvü Əli Nuriyevi görkəmli iqtisadçı alim, sadə, xeirxah və müdrik insan, elm fədaisi, yüksək insani kefiyyətlərə malik ziyalı kimi xarakterizə edən məruzəçilər onunla bağlı xoş xatirlərini danışdılar, keçdiyi şərəfli ömür yoluna nəzər saldılar.

 Qeyd olundu ki, prof. Ə.Nuriyev 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin İqtisadiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 1969-cu ildə namizədlik, 1991-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 2005-ci ildə professor elmi adını almış, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. 1964-cü ildə AMEA-nın İqtisadiyyat İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayan Əli Nuriyev sonralar institutun böyük elmi işçisi, aparıcı elmi işçisi, şöbə müdiri vəzifələrində çalışmışdır. Bundan əlavə, o, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında müxtəlif vəzifələrdə fəaliyyət göstərmişdir. Hazırda Əli Nuriyev AMEA-nın İqtisadiyyat İnstitutunun baş elmi işçisi vəzifəsində çalışır.

 AMEA-nın müxbir üzvü Əli Nuriyev ərazi istehsal kompleksinin formalaşması, məhsuldar qüvvələrin yerləşməsi, regional siyasət və idarəetmənin aktual problemlərinə həsr olunmuş 270 elmi əsərin, o cümlədən 25 monoqrafiya və broşürün, 8 monoqrafik əsərin müəllifidir. Onun “Məhsuldar qüvvələrin respublika daxilində yerləşməsinin təkmilləşməsinin sosialiqtisadi problemləri” (1982), “Azərbaycan Respublikasının iqtisadi və inzibati ərazi quruluşunun kompleks təkmilləşməsi” (1991), “Azərbaycan Respublikasının böhran vəziyyətindən çıxması və inkişafının prinsipial məsələləri” (1992), “Regional siyasət və idarəetmə” (2004), “İnsan və həyat fəlsəfəsi” (2005), “Regional idarəetmənin əsasları” (2007), “Regional siyasət və idarəetmənin əsasları” (2007), “Azərbaycanda iqtisadi inkişaf və modernləşmə siyasətinin konseptual əsasları” (2013), “Davamlı və tarazlı regional inkişaf”  (2017), habelə həmmüəllif olduğu “Naxçıvan iqtisadiyyatı XX əsrdə” (2000) kitabları elmi ictimaiyyətin böyük rəğbətini qazanmışdır. Alimin bir çox elmi təklifləri praktikada tətbiqini tapmışdır. 1990-1992-ci illərdə respublikada yeni inzibati rayonların yaradılmasında onun konsepsiyası əsas olaraq qəbul edilmişdir.

 Əli Nuriyev bir sıra beynəlxalq konfrans və simpoziumlarda Azərbaycan iqtisad elmini uğurla təmsil etmişdir. Yüksək ixtisaslı kadrların yetişdirilməsi sahəsində də alimin mühüm xidmətləri vardır. Onun rəhbərliyi altında 30-a yaxın elmlər və fəlsəfə doktorluğu dissertasiyası müdafiə edilmişdir. O, AMEA-nın İqtisadiyyat İnstitutundakı və AMEA-nın Naxçıvan Bölməsindəki ixtisaslaşdırılmış dissertasiya şuralarının, “AMEA-nın Xəbərləri (iqtisadiyyat seriyası)”, “AMEA-nın Naxçıvan Bölməsinin Xəbərləri”, “İpək yolu”, “Kooperasiya”, “Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə” jurnallarının redaksiya heyətinin üzvüdür.

 AMEA-nın müxbir üzvü Əli Nuriyevin iqtisad elminin inkişafındakı xidmətlərini nəzərə alaraq və anadan olmasının 80 illiyi ilə əlaqədar olaraq AMEA Rəyasət Heyəti tərəfindən AMEA-nın Fəxri fərmanı ilə təltif edilmişdir.

 Tədbirdə Bakı Biznes Universitetinin rektoru, prof. İbad Abbasov, Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyev, UNEC-in prorektoru, dosent Səadət Qəndilova, UNEC-in fəxri professoru Şakir Bədəlov, professor Sabir Cümşüdov, iqtisad elmləri doktoru Ağadadaş Qafarov, prof. Əli Nuriyevin qızı, iqtisad üzrə fəlsəfə doktoru Mətanət Abdalova çıxış edərək alim haqqında xoş xatirələrini söylədilər, elmi fəaliyyətində və şəxsi həyatında ona uğurlar və can sağlığı arzuladılar (economics.com.az).