“Gələcəyin konsepsiyalarında mədəniyyət amili” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib
- Oxunub 883 dəfə
AMEA-nın İqtisadiyyat İnstitutunun şöbə müdiri, professor Akif Musayev “Lütfizadənin qeyri-səlist məntiq nəzəriyyəsinin ictimai və iqtisadi inkişafda rolu mövzusunda məruzə ilə çıxış edib
Oktyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində “Gələcəyin konsepsiyalarında mədəniyyət amili” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfrans Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) və AMEA-nın Fəlsəfə İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub. MEMİM-in direktoru Asif Usubəliyev tədbiri açıq elan edərək bildirib ki, mədəniyyət dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, insanları bir araya gətirən qüvvədir.
Konfransda AMEA Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə, millət vəkili Qənirə Paşayeva, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, AMEA Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, sənətşünaslıq üzrə elmlər doktoru Rəna Abdullayevanın çıxışları dinlənilib.
Sonra Rusiya Federasiyası hökuməti yanında Maliyyə Universitetinin professoru Tair Maxamatov, AMEA-nın İqtisadiyyat İnstitutunun şöbə müdiri, professor Akif Musayev (“Lütfizadənin qeyri-səlist məntiq nəzəriyyəsinin ictimai və iqtisadi inkişafda rolu”), Fəlsəfə İnstitutunun şöbə müdiri Könül Bünyadzadə, Qazaxıstan Respublikası Tarix İnstitutunun elmi katibi Anara Qabdullina, MEMİM-in sektor müdiri Ceyhun Əhmədov və başqaları müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.
Konfrans çərçivəsində MEMİM-in nəzdində təsis olunmuş “Mədəniyyət naminə elm” debat klubunun təqdimatı keçirilib. İştirakçılar "Kapellhaus" Azərbaycan-Alman Mədəniyyət Mərkəzi, Bakı Amerika Mərkəzi, Misir, Rusiya və Fransanın mədəniyyət mərkəzlərinin fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar.