AMEA İqtisadiyyat İnstitutunun alimləri Moskvada “Qlobal çağırışlar və inkişaf perspektivləri” Beynəlxalq Forumunda məruzə ilə çıxış ediblər
- Oxunub 959 dəfə
Oktyabrın 24-25-də Moskva şəhərində (RF) Rusiya Elmlər Akademiyasının (REA) Bazar Problemləri İnstitutunun təşkilatçılığı ilə “Qlobal çağırışlar və inkişaf perspektivləri” mövzusunda 8-ci Beynəlxalq Forum keçirilmişdir. Forum RF Federasiya Şurası nəzdindəki İnteqrasiya Klubunun, REA Mərkəzi İqtisadi-Riyaziyyat İnstitutunun və digər tanınmış elmi müəssisələrin dəstəyi ilə təşkil olunmuşdur.
Bir sıra ölkələrin nümayəndələri ilə yanaşı, tədbirdə AMEA İqtisadiyyat İnstitutunun alimləri də iştirak etmişlər. AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Nazim Müzəffərli dəvətli məruzəçi qismində forumun plenar iclasında “İqtisadiyyatın sağlığı-solluğu: İqtisadi inkişaf strategiyasının seçimi” mövzusunda çıxış edərək, AMEA İqtisadiyyat İnstitutunda hazırlanmış və beynəlxalq ekspert icmasına müvəffəqiyyətlə təqdim olunmuş nəzəri-konseptual müddəalar və iqtisadi islahat prioritetlərinin seçilməsində bunların əhəmiyyəti haqqında fikirlərini paylaşmışdır. İnstitutun daha bir əməkdaşı – iqtisad elmləri doktoru, professor Müşfiq Atakişiyev “Azərbaycan iqtisadiyyatının institusional islahatlar əsasında modernləşdirilməsi” mövzusunda məruzə ilə çıxış etmişdir. Rusiyalı alimlər məruzələrdə səslənmiş fikirləri maraqla qarşılamış və bu problemlərlə bağlı AMEA İqtisadiyyat İnstitutu ilə əməkdaşlıq etmək istədiklərini ifadə etmişlər.
Yekun toplantıda Forumun təşkilat komitəsinin sədri və üzvləri AMEA İqtisadiyyat İnstitutunun tədbirdə iştirakını və məruzələrini yüksək dəyərləndirmiş, müzakirələrin gedişində bir sıra Rusiyalı mütəxəssislərin İnstitutda aparılan elmi tədqiatlarla daha yaxından tanış olmaq istəyini əsas tutaraq, gələcəkdə elmi müəssisələr arasında davamlı işbirliyi qurmaq əzmində olduqlarını vurğulamışlar (economics.com.az).