AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri Brüsseldə Avropa Komissiyasının tədbirində iştirak edib
- Oxunub 576 dəfə
Belçikanın Brüssel şəhərində Avropa Komissiyasının Şərq Tərəfdaşlığının (ŞT) 4-cü platforması «Mobillik və insanlar arasında əlaqələr» adlı tədbir keçirilib. AMEA İqtisadiyyat İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Horizon 2020 proqramının Maliyyə aspektləri istiqaməti üzrə milli əlaqələndiricisi, i.ü.f.d., dosent Rüfət Efendiyev tədbirdə iştirak edib. Ölkəmizi tədbirdə, həmçinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndələri təmsil edib.
Avropa Komissiyasının əsas proqramları, o cümlədən Erasmus+, Horizon2020, Creative Europe və s. haqqında yenilənmiş məlumatların təqdim edilməsi məqsədilə keçirilən tədbirdə Şərq Tərəfdaşlığı ölkələri, Avropa Xarici Fəaliyyət Xidmətinə (EEAS) üzvü olan ölkələr, Avropa Komissiyasının müxtəlif proqramlarının rəhbərliyi (DG NEAR, DG RTD, DG EAC, DG EMPL) və digər tərəfdaşlar iştirak edib. Mobillik və təhsil, gənclər, mədəniyyət, tədqiqat və innovasiyalarla əlaqəli məsələlərin müzakirəsinə xüsusi diqqət yetirilib. Avropa Komissiyasının gənclər sahəsində təşəbbüsləri, gənclərin, mobillik, vətəndaş fəallığı və işə qəbulu zamanı qabaqcıl təcrübə mübadiləsində əsas problemlər müəyyən edilib və tövsiyələr verilib. 2021-2027-ci illərdə Tədqiqat və İnnovasiya üzrə Horizon Europe – Yeni Çərçivə Proqramı çərçivəsində Şərq Tərəfdaşlığının strateji prioritetləri ilə bağlı məsələlər müzakirə edilib.