AMEA-da ictimaiyyətlə əlaqələr şöbələrinin fəaliyyəti təkmilləşdirilir
- Oxunub 771 dəfə
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli AMEA İqtisadiyyat İnstitutunun economics.com.az saytının fəaliyyətini yüksək qiymətləndirib
Dekabrın 18-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında akademiyanın institut və təşkilatlarında fəaliyyət göstərən ictimaiyyətlə əlaqələr şöbələrinin 2019-cu il üçün hesabat iclası keçirilib. İclas AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi tərəfindən təşkil olunub.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək son dövrlərdə akademiyada aparılan köklü islahatlardan, tətbiq olunan yeniliklərdən söz açıb. Bildirib ki, akademik Ramiz Mehdiyev AMEA-nın prezidenti seçildikdən sonra ictimaiyyətlə əlaqələr şöbələrinin fəaliyyətinin yenidən təşkili ilə bağlı məqsədyönlü qərarlar verib, ciddi tədbirlər həyata keçirib.
İ.Həbibbəyli qeyd edib ki, AMEA-nın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi ilə ölkənin kütləvi informasiya vasitələri arasında əlaqələr genişlənməli, Azərbaycan elminin ölkədə və dünyada təbliği istiqamətində işlər sürətlənməlidir. Alim beynəlxalq əlaqalərin təşkili və gücləndirilməsində mətbuatın rolunu xüsusi vurğulayaraq, İnternet saytlarının, qəzet və jurnalların siyasi-ideoloji cəhətdən aydın mövqe nümayiş etdirmələrinin zəruriliyini bildirib. Akademik AMEA İnstitutlarının İnternet saytları barədə də danışıb, öz tövsiyələrini verib, bir necə saytın, o cümlədən AMEA İqtisadiyyat İnstitutunun economics.com.az saytının fəaliyyətini yüksək qiymətləndirib.
"AMEA-nın ictimaiyyətlə əlaqələr şöbələrinin əməkdaşları elmi və analitik materialların hazırlanmasına xüsusi diqqət yetirməlidirlər" - deyən İ.Həbibbəyli vurğulayıb ki, qələm sahibləri elmi problemləri qabartmalı, akademiyada fəaliyyət göstərən alim və mütəxəssislərdən aktual mövzularda müsahibələr götürməlidirlər. O, mətbu fəaliyyətdə dövlətçilik mövqeyinin ortaya qoyulmasının, eləcə də peşəkarlıq və obyektivlik kimi meyarların nəzərə alınmasının son dərəcə vacib olduğunu diqqətə çatdırıb.
İctimaiyyətlə əlaqələr şöbələri ilə Vikipediya arasında münasibətlərin qurulmasının məqsədəuyğun olduğunu deyən AMEA-nın vitse-prezidenti Azərbaycanın dünyada təbliğində bu onlayn ensiklopediyanın əvəzsiz rolunu vurğulayıb. Bildirib ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və dövlətçilik mövqeyinin qorunması AMEA-nın qarşısında duran əsas vəzifələrdəndir.
İclasda İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov hesabatla çıxış edib. O, science.az veb-portalında yerləşdirilən xəbərlərin statistikasını təqdim edərək, hesabat ilində saytda 2300-ə yaxın xəbərin yerləşdirildiyini, həmçinin Elm Tv sektoru tərəfindən 900-dən çox videonun yayımlandığını bildirib. Habelə AMEA Rəyasət Heyəti aparatının mətbu orqanı olan “Elm” qəzeti, o cümlədən “Elm və həyat” jurnalının fəaliyyəti barədə də məlumat verib.
Daha sonra AMEA Neft-Kimya Prosesləri İnstitutunun, və Botanika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbələrinin hesabatları dinlənilib. Tədbir iştirakçılarının sualları cavablandırılıb, ictimaiyyətlə əlaqələr şöbələri arasında əlaqələrin, təşkilati işlərin yüksək səviyyədə qurulması ətrafında müzakirələr aparılıb.