AMEA İqtisadiyyat İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
- Oxunub 672 dəfə
Yanvarın 17-də AMEA İqtisadiyyat İnstitutunda 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Əvvəlcə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Azərbaycanda həyata keçirdiyi qətliam nəticəsində həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İnstitutun direktoru, professor Nazim Müzəffərli Azərbaycanın müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canını qurban vermiş şəhidlərin adının tariximizə və qan yaddaşımıza əbədi həkk olunduğunu bildirib: “20 Yanvar hadisələri millətin qəhrəmanlıq tarixidir, nə qədər hüznlü olsa da, bir o qədər də qürurlu olmalıyıq”.
Digər çıxış edənlər – Həmkarlar Təşkilatının sədri Tanrıverdi Paşa, prof. Tərbiz Əliyev, i.e.d. Ağadadaş Qafarov və başqaları 20 Yanvar hadisələrindən, o dövrdə xalqımızın qəhrəmanlığından, şücaətindən, xalqın azadlıq hərakatından, müstəqilliyimizin tarixi nailiyyətimiz olmasından danışıblar. Habelə o dövrün ictimai-siyasi proseslərindən, 20 Yanvar günlərində şahidi olduqları hadislərdən, faciənin baş verməsi səbəblərindən, xalq hərakatından, insanların azadlıq mübarizəsindən, fədakarlığından söz açıblar. 20 Yanvar şəhidlərinin adının müstəqillik tariximizə əbədi həkk olunduğunu, onların həmişə hörmətlə yad ediləcəklərini qeyd ediblər (economics.com.az).