Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun direktoru N.Müzəffərli AMEA RH iclasında çıxış edib

  • Oxunub 884 dəfə

 Fevralın 5-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. Tədbiri giriş sözü ilə açan akademik Ramiz Mehdiyev iclasda AMEA-nın İctimai Elmlər Bölməsinin və Naxçıvan Bölməsinin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətlərini əks etdirən hesabatlarının dinləniləcəyini bildirib.

  Sonra AMEA-nın birinci vitse-prezidenti, İctimai Elmlər Bölməsinin sədri, akademik İsa Həbibbəyli bölmənin hesabatını təqdim edib. Alim bildirib ki, hesabat ilində bölməyə daxil olan elmi müəssisələrin fəaliyyətlərində Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, dövlət proqramları və strategiyaları, AMEA rəhbərinin sərəncamları, akademiyanın ümumi yığıncağının və Rəyasət Heyətinin qərarları əsas götürülüb. 2019-cu ildə bölmənin elmi müəssisələrində 8 elmi istiqaməti əhatə edən 33 problem, 132 mövzu üzrə 305 işin aparıldığını, 45 mövzu, 127 iş, 212 mərhələnin isə tamamlandığını bildirib. Bölmə əməkdaşlarının 2185 əsəri işıq üzü görüb. Onlardan 9-u xaricdə olmaqla 148-i kitab və monoqrafiya, 391-i xaricdə olmaqla 1296-sı məqalə, 58-i xaricdə olmaqla 302-si tezisdir. 54 məqalə impakt faktorlu jurnalda nəşr edilib, elmi işçilərin əsərlərinə 876 dəfə istinad olunub. Hazırda bölmədə 76 doktorant və 259 dissertant, magistratura üzrə 11 nəfər təhsil alır.

Məruzəçi hesabat ilində bölmənin elmi tədqiqat müəssisələrinin alimlərinin Türkiyə, Rusiya, ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, İran, Özbəkistan, Gürcüstan, Ukrayna, Belarus, Qazaxıstan, Çin, Misir, Polşa, Bolqarıstan, Küveyt, Yaponiya, Vyetnam, Koreya, Səudiyyə Ərəbistanı və s. ölkələrin elmi mərkəzləri və beynəlxalq təşkilatları ilə əməkdaşlıq etdiyini diqqətə çatdırıb. İ.Həbibbəyli əlavə edib ki, ötən il İctimai Elmlər Bölməsinin elmi tədqiqat müəssisələri tərəfindən 20 beynəlxalq konfrans, 2 beynəlxalq forum, 2 beynəlxalq simpozium, 3 beynəlxalq seminar, 22 respublika konfransı, 32 elmi seminar, 8 sessiya, 12 yubiley tədbiri keçirilib.

 Müzakirələrdə İqtisadiyyat İnstitutunun direktoru N.Müzəffərli (İmanov) çıxış etmiş, İnstitutun apardığı elmi tədqiqatlar və əldə edilmiş nəticələr haqqında məlumat vermiş, elmi fəaliyyətin maliyyələşdirilməsində tətbiq edilə biləcək yeni mexanizm haqqında təkliflər səsləndirmişdir. Təkliflər maraqla qarşılanmışdır.

Müzakirələrdə Rəyasət Heyətinin üzvləri və bölmənin elmi müəssisələrinin direktorları iştirak ediblər. Rəyasət Heyətinin qərarı ilə İctimai Elmlər Bölməsinin 2019-cu ildəki fəaliyyəti barədə hesabat təsdiq edilib, alınan elmi nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınıb. Qərarda elmi tədqiqatların azərbaycançılıq məfkürəsinə əsaslanaraq aparılması, araşdırmaların müstəqil Azərbaycan dövlətinin sosial-iqtisadi və mədəni inkişafına istiqamətləndirilməsinin təmin edilməsi, bölmə alimlərinin beynəlxalq elmi proqramlara daha fəal inteqrasiyası, yerli və xarici elmi təşkilatlarla əlaqələrin genişləndirilməsi və digər bu kimi məsələlər öz əksini tapıb (economics.com.az).