Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi Şurada regionların inkişafı üzrə dövlət proqramları ilə bağlı məruzə dinlənilib

  • Oxunub 811 dəfə

 Fevralın 11-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan toplantıda bu il fevralın 3-də keçirilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışından irəli gələn vəzifələr müzakirə olunub.

  İnstitutun “Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri” şöbəsinin müdiri, i.e.d., professor Rəna Sultanovanın mövzu ilə bağlı məruzəsi dinlənilib. Professor indiyədək regionların sosial-iqtisadi inkişafı ilə bağlı 3 proqramın icrasının uğurla başa çatdığını, mühüm sosial-iqtisadi nəticələr əldə olunduğunu, hazırda isə 4-cü proqramın icra edildiyini qeyd etdi. Bildirdi ki, dördüncü proqram əvvəlki dövrlərdə qəbul edilmiş proqramların məntiqi davamıdır. Təkcə 2019-cu ildə Ümumi daxili məhsul istehsalı 2,2 faiz,  sənaye istehsalı 1,5 faiz, qeyri-neft sektoru 3,5 faiz, qeyri-neft sektorunda sənaye 14 faizdən çox artıb. Keçən il 98 min yeni iş yeri yaradılmışdır.  Bu nəticələrin əldə olunmasında regionların da böyük rolu olub. 2019-cu ildə regionların sosial-iqtisadi inkişafının dördüncü Dövlət Proqramı çərçivəsində 7,2 milyard manat vəsait yönəldilib.

 

Prof. R.Sultanova vurğulayıb ki, regionların tarazlı və dayanıqlı inkişafına nail olunması əsas hədəflərdəndir.  Xüsusən də qeyri-neft sektorunun, aqrar səhənin, emal sənayesinin inkiaşfı, infrastrukturun müasirləşdirilməsi, yeni iş yerlərinin yaradılması və məşgulluğun təmin edilməsi, insanların sosial rifah halının yüksəldilməsi, ənənəvi sahələrin inkişaf etdirilməsi, investisiya mühitinin yaxşılaşdırılması, perspektivli sahələrə sərmayələrin cəlb olunması, yeni müəssisələrin yaradılması, ixrac yönümlü məhsul istehsalının artırılması, özəl sektorun inkişaf etdirilməsi baxımından adı çəkilən dövlət proqramları müstəsna rola malikdir.

 Sonra suallar cavablandırılıb. Professor Tofiq Hüseynov, aparıcı elmi işçi Tanrıverdi Paşa, prof. Tərbiz Əliyev, dosent Mayis Gülalıyev, aparıcı elmi işçi, i.f.d. Məzəddin Əyyubov mövzu ilə bağlı çıxış ediblər. Regionların sosial-iqtisadi inkişafı problemləri, proqramların icra vəziyyəti, əldə olunan nəticələr, inzibati rayonların investisiya potensialı, regionlarda sahibkarlığın inkişafı, yerli gəlirlərin artırılması, mövcud potensial imkanlardan səmərəli istifadə olunması və s. kimi məsələlər ətrafında geniş müzakirələr aparılıb (economics.com.az).