Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib
- Oxunub 768 dəfə
Fevralın 26-da AMEA İqtisadiyyat İnstitutunda Gənc Alimlər Şurasının təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və Vətən uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Gənc Alimlər Şurasının sədri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Ramil Əliyev 28 il öncə baş vermiş Xocalı soyqırımı haqqında danışaraq onun tariximizdə ən dəhşətli faciə olduğunu bildirib. Çünki dinc və silahsız insanlar məqsədli şəkildə xüsusi amansızlıqla qətlə yetiriliblər. 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca qəddarcasına öldürülüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Həmin gecə 1275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.
Digər çıxış edənlər, əslən Şuşadan olan, dosent Nəsimi Əhmədov, aparıcı elmi işçi Tanrıverdi Paşa, dos. Ələsgər Sarıyev tarixən ermənilərin xalqımızın başına gətirdikləri faciələrdən, zaman-zaman torpaqlarımızı işğal etmələrindən danışaraq Xocalı faciəsini bəşəriyyətin ən dəhşətli soyqırımlarından biri kimi qiymətləndiriblər. Ümidvar olduqlarını vurğulayıblar ki, bu qətliamı törədənlər ədalət mühakiməsi qarşısına çıxacaq, təqsirkarlar öz layiqli cəzalarını alacaq, haqq-ədalət öz yerini tapacaqdır. Qeyd olunub ki, xalqımız, xüsusən də gənclər baş verənləri heç vaxt unutmamalı, ondan nəticə çıxarmalı, işğal altındakı torpaqlarımızın azad olunması yolunda daha sıx birləşməlidir (economics.com.az).