Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Dosent Rəsmiyyə Abdullayeva AMEA birinci vitse-prezidentinin Fəxri fərmanı ilə təltif edilib

  • Oxunub 788 dəfə

 Martın 5-də AMEA-nın Rəyasət Heyətində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli iştirakçıları AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin adından salamlayaraq təbrik edib. Akademik İsa Həbibbəyli qadınların ictimai-siyasi sferadakı rolundan danışaraq ilk növbədə demokratik cəmiyyətin inkişafının təminatçısı olan qadınların dövlət idarəçiliyindən tutmuş ölkənin mədəni, pedaqoji, elmi həyatında öz səylərini əsirgəməyərək  öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini vurğulayıb.

  Ölkəmizin müstəqillik illərində ümummilli lider Heydər Əliyev tərəfindən qurulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin bir hissəsi olan qadın probleminin həllinin özünəməxsus yer tutduğunu deyən akademik Azərbaycanda qadın cəmiyyətlərinin inkişafı istiqamətində mühüm işlər görüldüyünü qeyd edib. Bildirilib ki, Milli Məclisdə qadınların öncül mövqelərdə təmsil olunması, ölkəmizin I  vitse-prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər və Azərbaycan qadınına qazandırdığı imic Azərbaycan qadınını dünyada tanıtmaqla yanaşı, ona olan  yüksək ehtiramı ifadə edir.

Sonra AMEA Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə və AMEA Azad Həmkarlar İttifaqının (AHİ) sədri, hüquq elmləri doktoru Habil Qurbanov çıxış edərək bayram münasibətilə akademiyada çalışan bütün qadınları təbrik ediblər. AMEA prezidenti, AMEA-nın birinci vitse-prezidentləri və AHİ-nin Fəxri fərmanları ilə təltif olunan, akademiyanın elmi və ictimai həyatında səmərəli fəaliyyətinə görə seçilən bir qrup qabaqcıl qadın əməkdaşa, o cümlədən AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, i.f.d., dosent Rəsmiyyə Abdullayevaya AMEA birinci vitse-prezidentinin Fəxri fərmanı  təqdim olunub (economics.com.az).