Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi Şurasının onlayn iclası keçirilmişdir

  • Oxunub 513 dəfə

 Oktyabrın 21-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının onlayn rejimdə “Zoom” proqramı ilə növbəti iclası keçirilmişdir. İnstitutun direktoru, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan onlayn tədbirdə bir sıra məsələlər müzakirə olunmuşdur.

  İclasda prof. N.Müzəffərli AMEA-nın təklifi əsasında AR Nazirlər Kabinetinin qərarı ilə (3 oktyabr 2020-ci il) təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasında elmi tədqiqatların maliyyələşdirilməsinin yeni mexanizminin tətbiqi ilə bağlı AMEA-nın İqtisadiyyat İnstitutunda 2021-2024-cü illər üzrə pilot layihənin həyata keçirilməsi qaydası” barədə geniş məlumat vermişdir. Qeyd olunmuşdur ki, bu pilot layihə özünü doğrultsa, başqa institutlarda da tədbiq olunacaq. Ona görə də hökumətin bu məsələdə etimad göstərdiyi AMEA İqtisadiyyat İnstitutunun kollektivinin üzərinə böyük məsuliyyət düşür. Müvafiq hökumət qurumları ilə razılaşdırılmış bu qərar layihəsini prof. Müşfiq Atakişiyev, prof. Akif Musayev, dos. Allahyar Muradov da yüksək qiymətləndirdilər. Elmi Şuranın üzvləri bu sahədə görüləcək işlərlə bağlı öz fikirlərini bildirdilər.  

  Sonra prof. N.Müzəffərlinin təklifi ilə AMEA İqtisadiyyat İnstitutunda Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin yaradılması haqqında qərar qəbul olundu. Mərkəz hökumət qurumları ilə əməkdaşlıq etməklə işğaldan azad olunmuş ərazilərin bərpası üzrə sahəvi və kompleks proqramlar hazırlayacaq. Elmi Şurada çıxış edən alimlər də bu təşəbbüsü dəstəkləməlkə yanaşı işğaldan azad olunan rayonlarda həyatın yenidən qurulmasının və onların sosial-iqtisadi inkişafının əhəmiyyətini vurğuladılar.

 Elmi Şurada müzakirələrdən sonra 2 şöbənin - Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri, İnnovasiya menecmenti və elmin inkişafı problemləri şöbələrinin bazasında Biznes mühiti və innovativ sahibkarlığı problemləri şöbəsinin yaradılması qərara alındı.

 Bu il Azərbaycanın görkəmli iqtisadçı alimləri -  akademik Ziyad Səmədzadənin və AMEA-nın müxbir üzvü Şahbaz Muradovun 80 yaşı tamam olub. Bununla bağlı AMEA Rəyasət Heyətinin qərarını da əsas tutaraq Elmi Şura həmin alimlərin 80 illik yubileylərinə həsr olunan beynəlxalq elmi konfransların keçirilməsi və müvafiq təşkilat komitəsinin yaradılması barədə qərar qəbul etdi.

 İclasda fəlsəfə və elmlər doktorluğu hazırlığı üzrə doktorant və dissertantların fərdi iş planları da təsdiqləndi.

 Elmi Şurada AMEA İqtisadiyyat İnstitutunun alimlərinin bu il çap olunmuş yeni kitabları haqqında məlumat verildi. Habelə İnstitutun “Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər” şöbəsinin aparıcı elmi işçisi, i.f.d. Dağbəyi Allahverdiyevin “Dünya iqtisadiyyatı: iqtisadi mənafelər, mövcud reallıqlar və perspektivlər” adlı monoqrafiyası çapa tövsiyə edildi (Elmi redaktor: i.e.d., prof. Z.H.Əliyev, i.f.d., dos. K.N.Abdullayev; rəyçilər: i.e.d, prof. İ.H.Alıyev, i.e.d., prof. Ə.Q.Əlirzayev, i.f.d. T.A.Yadigarov)

Elmi Şuranın üzvləri AMEA İqtisadiyyat İnstitutunun əməkdaşları – professor Rauf Cəbiyevi 85, Gülşən Yüzbaşıyevanı 60 illik yubileyləri münasibətilə təbrik etdilər (economics.com.az).