Müharibədən sonra Qarabağın iqtisadiyyatı ilə bağlı müzakirələr keçirilib
- Oxunub 879 dəfə
AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli onlayn tədbirdə çıxış edib
Noyabrın 18-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə “Müharibədən sonra Qarabağın iqtisadiyyatı: Regional İnnovasiya-Texnoloji Mərkəzin və dəyər zəncirinin mühüm həlqəsi kimi” mövzusunda onlayn müzakirələr keçirilib.
UNEC-in rektoru, professor Ədalət Muradovun moderatorluğu ilə keçirilən tədbirdə İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli (İmanov) və Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzinin rəhbəri, dosent Altay İsmayılov iştirak ediblər.
Tədbirdə Qarabağın gələcək iqtisadiyyatı, işğaldan azad olunan ərazilərin iqtisadiyyatının bərpası, inkişaf perspektivləri geniş müzakirə olunub. AMEA İqtisadiyyat İnstitutunun direktoru, prof. N.Müzəffərli Qarabağın iqtisadiyyatının real potensial imkanları, əsas hədəflər, regionun iqtisadiyyatının və sosial həyatının tamamilə yenidən qurulması inkanları, bunun üçün ciddi elmi araşdırmalara ehtiyacın olması, görüləcək işlər barədə danışıb. Professor özünün də müəllifi olduğu, hələ 2010-cu ildə çap olunmuş “Azərbaycanın post-konflikt ərazilərinin bərpası”: konseptual əsaslar” kitabı, bu yaxınlarda AMEA İqtisadiyyat İnstitutunda yaradılmış Postkonflikt Ərazilərin Bərpası Elmi Mərkəzi barədə geniş məlumat verib.
Tədbirdə Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzinin rəhbəri, dos.Altay İsmayılov “Müharibədən sonra Qarabağın iqtisadiyyatı: Regional İnnovasiya-Texnoloji Mərkəzin və dəyər zəncirinin mühüm həlqəsi kimi” mövzusunda təqdimatla çıxış edib. Milli Məclisin komitə sədri Tahir Mirkişili işğala qədərki dövrdə Qarabağ ərazisinin ölkə iqtisadiyyatının 15-20 faizini təşkil etdiyini, həmin ərazilərin ölkənin ərzaq təhlükəsizliyinin təminatında payının təxminən 15-17% faiz olduğunu diqqətə çatdırıb. İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov ölkə Prezidenti tərəfindən müəyyən edilən iqtisadi inkişaf modelinin formalaşdığını və işğaldan azad olunmuş ərazilərdə iqtisadiyyatın həmin modelin baza prinsiplərinə əsaslanaraq həyata keçiriləcəyini iştirakçıların diqqətinə çatdırıb.
Müzakirələrdən sonra izləyicilərin sualları cavablandırılıb və təklifləri səsləndirilib.