İqtisadiyyat İnstitutunun 2020-ci ildəki elmi-tədqiqat fəaliyyətinə dair hesabat dinlənilib
- Oxunub 732 dəfə
Akademik Şahin Mustafayev: “AMEA İqtisadiyyat İnstitutunun fəaliyyəti digər institutlar üçün bir nümunə, model ola bilər”
Dekabrın 11-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının onlayn rejimdə “Zoom” proqramı ilə növbəti iclası keçirilmişdir. İnstitutun direktoru, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan onlayn tədbirdə bir sıra məsələlər müzakirə olunmuşdur. İclasa akademik Şahin Mustafayev də qatılmışdır.
Öncə direktor Azərbaycan ordusunun Vətən Müharibəsində şanlı qələbəsi, torpaqlarımızın işğaldan azad edilməsi və Zəfər Paradı münasibətilə Elmi Şura üzvlərini təbrik etdi, şəhidlərin ruhu yad olundu.
Sonra AMEA İqtisadiyyat İnstitutunun 2020-ci ildəki elmi-tədqiqat fəaliyyətinə dair hesabat dinlənildi. İnstitutun elmi işlər üzrə direktor müavini, i.f.d., dos. Allahyar Muradov təqdimatla çıxış edərək bildirdi ki, İnstitutun kollektivi Azərbaycan Ordusuna dəstək məqsədilə könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna 13 063 manat, Həmkarlar Komitəsi isə 1000 manat vəsait köçürüb. Xarici tanınmış iqtisadçı alimlər də Qarabağ savaşında Azərbaycanın haqq işinə dəsdək veriblər.
A.Muradov İnstitutun həyatında mühüm hadisə kimi qeyd etdi ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə (3 oktyabr 2020-ci il) “Azərbaycan Milli Elmlər Akademiyasında elmi tədqiqatların maliyyələşdirilməsinin yeni mexanizminin tətbiqi ilə bağlı AMEA-nın İqtisadiyyat İnstitutunda 2021-2024-cü illər üzrə pilot layihənin həyata keçirilməsi qaydası” təsdiq olunmuşdur. Habelə işğaldan azad edilmiş ərazilərin bərpa proqramlarının hazırlanması üzrə Azərbaycan hökumətinin həyata keçirəcəyi sistemli fəaliyyətə töhfə vermək məqsədilə AMEA İqtisadiyyat İnstitutu Elmi Şurasının qərarı ilə «Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzi»i yaradılmışdır.
Direktor müavini bildirdi ki, 2020-ci ildə AMEA İqtisadiyyat İnstitutunda “Azərbaycanın sosial-iqtisadi inkişafi və beynəlxalq müqayisəli reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması istiqamətləri” (2019-2021-ci illər) mövzusunda tədqiqatlar aparılmışdır. Tədqiqatlar zamanı 20 dövlət qurumundan - 11 nazirlik və 9 dövlət komitəsi və agentliyindən daxil olmuş təkliflər nəzərə alınmışdır. Ümumi tədqiqat 21 beynəlxalq reytinq üzrə aparılıb. Habelə İnstitutun özünün 4 reytinqi - İS(S)İ – 2019 (2014-cü ildən bəri hər il hazırlanır. Son hesabat: İqtisadi inkişaf strategiyasının seçilməsi imkanları); Azərbaycanda sosial-iqtisadi inkişaf – 2020 (iqtisadi rayonların, respublika tabeli şəhərlərin və inzibati rayonların sosial-iqtisadi inkişaf üzrə reytinqi); Azərbaycanda iqtisadi potensialın reallaşdırılması – 2020 (iqtisadi rayonların, respublika tabeli şəhərlərin və inzibati rayonların iqtisadi potensialının reallaşdırılması üzrə reytinqi) və Azərbaycanda həyat keyfiyyəti (iqtisadi rayonların, respublika tabeli şəhərlərin və inzibati rayonların həyat keyfiyyəti üzrə reytinqi) reytinqləri üzrə tədqiqatlar aparılmışdır.
İqtisadiyyatın Solluğu (sağlığı) İndeksi üzrə əldə edilmiş mühüm elmi nəticələrə əsasən, hər bir ölkə müəyyən zaman aralığında, dövlətin iqtisadiyyata modelyaradıcı müdaxilə formalarının miqyasına və dərinliyinə görə bu və ya digər dərəcədə solçuluğa (sağçılığa) meyilli olur. İS(S)İ-dən istifadə edərək aparılan təhlil və alınan nəticələr ölkədə lazım olan iqtisadi islahatların strateji istiqamətini - iqtisadiyyatı sola və ya sağa “çevirmək” lazım olub olmadığını müəyyənləşdirməyə imkan verir.
Kölgə iqtisadiyyatının yaranma prosesinin gizlədilmiş rentabellik vasitəsilə modelləşdirilməsi üzrə aparılmış tədqiqatda istehsal potensialından istifadə əmsalı və kölgə iqtisadiyyatı faktorlarına əsaslanan inteqral vergi yükü modelinin və Von Neumann–Morgenstern faydalılıq funksiyasına əsaslanan rentabellik göstəricisinə görə kölgə iqtisadiyyatının kəmiyyətinin qiymətləndirilməsi modelinin inkişaf etdirilməsinə baxılıb. Bu əsasda real rentabelliyin müəyyən hissəsinin iqtisadi subyektlər tərəfindən bəyan olunmaması nəticəsində formalaşan kölgə iqtisadiyyatının real dövriyyənin, büdcə gəlirlərinin itkisinin və iqtisadi artıma neqativ təsirinin qiymətləndirilməsi metodologiyası təklif edilir. Tədqiqat göstərir ki, təklif olunan yanaşma kölgə iqtisadiyyatının yaranma prosesini dəqiq ifadə edir və onun kəmiyyətini qiymətləndirmək üçün kifayyət qədər səmərəlidir.
AMEA İqtisadiyyat İnstitutu 2020-ci ildə də bir sıra dövlət proqramlarının hazırlanmasında və icrasında yaxından iştirak etmişdir. İnstitut beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası məqsədi ilə yaradılmış 18 işçi qrupdan 8-ində təmsil olunur. Habelə Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritələrinin icrası (İqtisadiyyat Nazirliyi nəzdində) və energetika sektorunun uzunmüddətli inkişaf strategiyasının hazırlanması üzrə işçi qruplarında iştirak edir. İl ərzində İnstitutun əməkdaşları 10-dan çox beynəlxalq konfrans və forumda onlayn iştirak ediblər, kütləvi informasiya vasitələrində onlarla çıxışları verilib, məqalələri nəşr olunub. İnstitutun 50-yə yaxın əməkdaşı ölkə səviyyəli 15-ə yaxın video-konfransa qatılıblar. 2020-ci ildə ümumilikdə 230 elmi əsər, o cümlədən, 1 dərslik, 8 monoqrafiya, beynəlxalq nüfuzlu bazalara daxil olan jurnallarda 31 məqalə nəşr olunmuşdur. İqtisadiyyat İnstitutunda elmlər doktoru hazırlığı üzrə dissertantların sayı 22, fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantların sayı 49 nəfərdir.
Sonra 2020-ci ildə görülən işlər ətrafında geniş müzakirələr aparıldı. Elmi Şuranın üzvləri növbəti ildə aparılacaq elmi tədqiqatlarla bağlı öz mülahizələrini bölüşdülər. İnstitutun direktoru, i.e.d., professor N.Müzəffərli 2021-ci ildə Nazirlər Kabinetinin qərarı əsasında İnstitutun maliyyələşdirilməsinin yeni mexanizmi, dövlət sfarişləri əsasında aparılacaq elmi tədqiqatlar, Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin nəzərdə tutulan gələcək fəaliyyəti barəsində ətraflı məlumat verdi.
İclasda çıxış edən akademik Şahin Mustafayev Azərbaycanın böyük qələbə ilə bitən Vətən Müharibəsindən sonra ölkə iqtisadiyyatının inkişaf etdirilməsi sahəsində iqtisadçı alimlərin üzərinə düşən vəzifələr, Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin yaradılmasının əhəmiyyəti və gələcək fəaliyyətindən gözləntilər barədə fikrini bildirdi. Akademik AMEA İqtisadiyyat İnstitutunun fəaliyyətini yüksək qiymətləndirdi, hətta AMEA-nın digər institutları üçün bir nümunə, model ola biləcəyini vurğuladı. İqtisadiyyat İnstitutunun pilot layihə kimi maliyyələşdirilməsinin yeni təcrübə kimi AMEA-nın digər institutları üçün də mühüm əhəmiyyət kəsb etdiyini qeyd etdi.
Sonda elmi Şuranın qərarı ilə “Həyat səviyyəsinin sosial-iqtisadi problemləri” şöbəsinin müdiri, i.f.d., dos. Rəsmiyyə Abdullayevanın “Sosial təminat: liberal və dirijist iqtisadi sistemlərdə” və i.f.d., dos. Leyli Allahverdiyevanın “Şəbəkə hazırlığı indeksi – 2019: Azərbaycanda elektron xidmətlərin inkişafı” adlı monoqrafiyalar çapa tövsiyə olundu (economics.com.az).