Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunda “COVİD-19 pandemiyasının sosial-iqtisadi təsirləri”nə həsr olunmuş elmi seminar

  • Oxunub 519 dəfə

 AMEA İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilmişdir. Seminarı giriş sözü ilə açan AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim Müzəffərli tədbirin əsas müzakirə mövzusu barədə məlumat verib.

  Seminarda İnstitutun aparıcı elmi işçisi Tanrıverdi Paşanın “COVİD-19 pandemiyasının sosial-iqtisadi təsirləri” adlı məruzəsi dinlənilib. Tədqiqatçı karonavirus pandemiyasının yaratdığı böhranın başlıca xüsusiyyətləri, səbəbləri və dünya iqtisadiyyatına təsirləri, onun yaradacağı yeni reallıqlar, dünyanın aparıcı ölkələrində iqtisadiyyatın bərpa imkanları, antiböhran tədbirləri, pandemiya ilə bağlı ölkəmizdəki vəziyyət, 2021-ci ildə dünya iqtisadiyyatında əsas gözləntilər barədə danışıb. Bildirib ki, karonavirus pandemiyasını təsirləri iqtisadçılar tərəfindən 1929-1933-cü illərdəki böyük depressiya, 1974-1975 və 2008-2009-cu illər böhranları ilə, hətta Avropa və Asiya iqtisadiyyatını tam çökdürmüş əvvəlki iki dünya müharibəsindən sonra yaranmış durumla müqayisə edirlər. Yekdil fikir budur ki, bu böhranın fəsadları daha böyük olacaq, xüsusən dünya əhalisinin rifahına ciddi ziyan vuracaq. Bu dəfə problemlər də fərqlidir - real iqtisadiyyat, aparıcı istehsal və xidmət sektorları böyük ziyan görüb. Əvvəllər mərkəzi banklar əlavə pul çap edib dövriyyəyə buraxmaqla bu cür vəziyyəti qismən yumşaltmağa nail olmuşdular, lakin indi Mərkəzi Bankların belə rolu yetərli deyildir. Bu böhranı dünyanı qəfil yaxalamış bir fəlakət hesab etmək olar. İndi bütün ölkələr, biznes və insanlar üçün əsas vəzifə bu fəlakətdən salamat çıxmaqdır.

 Məruzəçi qeyd edib ki, inkişaf etmiş ölkələrdə həyata keçirilən kifayət qədər böyük anti-böhran tədbirlərinə rəğmən 2021-ci ilin üçüncü rübündən iqtisadiyyatın özünü bərpa prosesinə başlayacağı gözlənilir, inkişaf etməkdə olan ölkələrdə isə bərpa prosesi xüsusilə uzun çəkə bilər. Azərbaycan hökuməti də karonavirusun yaratdığı fəsadları önləmək üçün biznesə və əhaliyə müxtəlif dəstək tədbirləri həyata keçirmişdir. 

 T.Paşa hesab edir ki, pandemiya insanların ənənəvi həyat tərzini pozmaqla yanaşı iqtisadiyyatın bir çox sahələrini də qeyri-müəyyən müddətdə iflic edib, qlobal istehlakı daraldıb, nəticədə dünya iqtisadiyyatına və ticarətinə ağır zərbə vurub. Koronavirusun yaratdığı iqtisadi böhran dünya ticarətində qlobal dəyişikliklərə səbəb olacaqdır. Qlobal karantinlə bağlı dünyada rəqəmsal texnologiyaya kütləvi keçid fonunda dördüncü sənaye inqilabı ilə çulğalaşacaq rəqəmsallaşma prosesinə təkan verəcəkdir. Çünki bir çox böyük şirkətin tamamilə uzaqdan işə keçdiyi zaman iqtisadiyyatın rəqəmsallaşması qaçılmaz olacaqdır və rəqəmsal texnologiyanı tətbiq edənlər yeni şərtlərə daha sürətlə uyğunlaşa biləcəklər və bu istiqamətdə uğur qazanmış ölkələr ön planda olacaqlar. Ticarət azalacaq, istehsal və satış zəncirləri yenidən qurulacaqdır. Dünyadakı koronavirus epidemiyası bütöv sahələri, şirkətlərin və istehlakçıların davranış qaydalarını dəyişdirə bilər. Onlayn alış-verişə keçid, həmçinin işçilərin uzaqdan (məsafədən) iş rejiminə keçməsi uzunmüddətli bir trendə də çevrilə bilər. Karonavirus pandemiyası nəinki uzunmüddətli iqtisadi nəticələrə, həm də köklü dəyişikliklərə səbəb olacaqdır.

 Sonra məruzəci sualları cavablandırmış, mövzu ətrafında maraqlı müzakirələr aparılmışdır (economics.com.az).