Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Siyasi dialoqun Azərbaycan modeli” mövzusunda tədbir keçirilib

  • Oxunub 454 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun dosenti Ramil Əliyev “İqtisadiyyatın inkişafında dialoq amili” adlı məruzə ilə çıxış edib

  Fevralın 11-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə videokonfrans formatında “Siyasi dialoqun Azərbaycan modeli” adlı ilk görüş təşkil olunub. Ölkəmizin qabaqcıl ali təhsil müəssisələrinin, həmçinin AMEA-nın müvafiq institutlarının rəhbər və mütəxəssislərinin iştirakı ilə keçirilmiş tədbirdə siyasi dialoqun müxtəlif təzahür formaları müzakirə edilib.

 Tədbiri giriş sözü ilə açan adıçəkilən şöbənin müdiri Ədalət Vəliyev ölkə rəhbərliyi adından alim və mütəxəssisləri salamlayaraq, Azərbaycanda aparılan sistemli islahatlar, o cümlədən dayanıqlı demokratik ənənələrinin formalaşmasına xidmət edən siyasi dialoq məfhumunun təşviqi istiqamətində görülmüş işlər haqqında geniş məlumat verib. Siyasi prosesləri müxtəlif aspektlərdən tədqiq edən alimlərlə açıq müzakirələrin təşkil olunmasını yüksək qiymətləndirən Administrasiya rəsmisi siyasi dialoqun təşviqində, xüsusilə ölkədə dialoq ənənələrinin formalaşmasında alim və tədqiqatçıların əvəzolunmaz rolunu vurğulayıb, siyasi dialoqun fəlsəfi, sosial, iqtisadi, tarixi və digər təzahür formalarının müəyyənləşdirilməsi istiqamətində mövcud fəaliyyətin daha effektiv olduğunu qeyd edib. Dayanıqlı inkişafın, siyasi sabitliyin, həmrəylik mühitinin və demokratik ənənələrin təminatçısı olan siyasi dialoqun qorunması və inkişafının dövlət siyasətinin strateji vəzifəsi olduğunu bildirən Ədalət Vəliyev bu məsələdə bütün potensialların səfərbər edilməsinin vacibliyini vurğulayıb.

 Tədbirdə müxtəlif elm və təhsil qurumlarının alimlərinin məruzələri dinlənilib. Onlayn görüşə AMEA İqtisadiyyat İnstitutunun gənc əməkdaşları – i.f.d., dosent Ramil Əliyev, i.f.d. Vilayət Ramazanov və elmi işçi Ceyhun Hüseynov da qatılıblar. AMEA-nın Hüquq və İnsan Hüquqları İnstitutunun direktoru, professor Aytən Mustafazadə “Həmrəylik – Prezident İlham Əliyevin dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov “Siyasi dialoqun tarixi əhəmiyyəti”, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə “Dialoq demokratik münasibətlərin təzahürü kimi”, AMEA-nın Tarix İnstitutunun direktor müavini, professor Cəbi Bəhramov “Azərbaycan milli tarixi elminin ölkənin ictimai-siyasi həyatında yeri və rolu: siyasi dialoq konteksti”, AMEA-nın Elm Tarixi İnstitutunun elmi katibi Zaur Əliyev “Siyasi dialoq sağlam rəqabətin təminatçısı kimi”, Azərbaycan Turizm və Menecment Universitetinin professoru İbrahim Əliyev “Müstəqil Azərbaycan Respublikasının təşəkkülü və yüksəlişində milli birlik amili”, AMEA-nın Qafqazşünaslıq İnstitutunun Gürcüstanşünaslıq şöbəsinin müdiri, dosent Vahid Ömərov “Azərbaycanda uğurlu siyasi dialoq siyasəti”, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, professor Namiq Əliyev “Vətən müharibəsində əldə olunan böyük Qələbə və milli həmrəylik”, AMEA İqtisadiyyat İnstitutunun dosenti Ramil Əliyev “İqtisadiyyatın inkişafında dialoq amili”, Bakı Dövlət Universitetinin Sosial iş kafedrasının müdiri, dosent Üzeyir Şəfiyevin “İctimai münasibətlər və siyasi dialoq”, həmçinin Azərbaycan Dillər Universitetinin nümayəndəsi Sərraf Hüseynov “Ölkəmizdə müxtəlif siyasi baxışları olan gənclər arasında siyasi dialoq mühiti” və AMEA-nın Şərqşünaslıq İnstitutunun şöbə müdiri Səməd Bayramzadə “Azərbaycanda siyasi dialoq ənənələri” mövzuları üzrə məruzələrlə çıxış ediblər.

 Vətən müharibəsi dövründə dünya ictimaiyyəti Azərbaycanda mütləq siyasi həmrəyliyin, həmçinin bütün xalqın bir yumruq olaraq böyük Qələbə naminə Prezident İlham Əliyevin ətrafında sıx birləşməsinin şahidi olduğunu bildirən tədbir iştirakçıları siyasi proses və tendensiyaların tədqiqinə, eləcə də demokratik dəyərlərin təşviqinə xidmət edən təşəbbüslərin icrasında elmi potensialın cəlb olunmasını yüksək qiymətləndiriblər.