İqtisadiyyat İnstitutunun Elmi Şurasının onlayn rejimdə iclası keçirilib
- Oxunub 477 dəfə
Fevralın 12-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının onlayn rejimdə “Zoom” proqramı ilə iclası keçirilmişdir. İnstitutun direktoru, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan onlayn tədbirdə bir sıra məsələlər müzakirə olunmuşdur.
Prof. N.Müzəffərli AMEA-da strukturun təkmilləşdirilməsi və idarəetmənin optimallaşdırılması ilə bağlı qəbul edilən qərarlar, həyata keçirilən tədbirlər barəsində Elmi Şura üzvlərinə məlumat verib.
İclasda İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, i.f.d., dosent Allahyar Muradov AMEA Rəyasət Heyətinin qərarına əsasən AMEA-da 2021-2025-ci illərdə aparılacaq elmi-tədqiqat işlərinin planları, habelə 2021-ci ildə İqtisadiyyat İnstitutunda elmi-tədqiqat işlərinin planlaşdırılması, bu sahədə elmi şöbələrin üzərinə düşən əsas vəzifələrlə bağlı geniş məlumat verib.
AMEA İqtisadiyyat İnstitutunun nəzdindəki Dissertasiya Şurasının elmi katibi Sevda Seyidova bu il yanvarın 26-da Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevin AMEA nəzdindəki Elmi Şuraların sədrləri və Elmi katiblərlə keçirdiyi görüş, habelə pandemiya şəraitinə uyğunlaşdırılmış yeni müdafiə qaydaları barəsində danışıb. İclasda elmi şöbələrdə “İlkin müzakirələrin keçirilməsi qaydaları” da müzakirə olunaraq təsdiqlənib.
Direktorun təqdimatı əsasında Elmi Şuranın qərarı ilə AMEA-nın müxbir üzvü, i.e.d., prof. Akif Musayev Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri, dosent Rəvanə Davudova İnstitutun “İqtisadi tədqiqatların riyazi təminatı" şöbəsinin müdiri, dosent Səbinə Şıxəliyeva isə Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifələrinə təsdiq ediliblər.
İclasda “Xidmət sahələrinin inkişafı problemləri” şöbəsinin “Beynəlxalq reytinqlərdə xidmət sahələrinin inkişaf göstəriciləri üzrə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması istiqamətləri” adlı kollektiv monoqrafiya (elmi redaktoru i.e.d., prof. M.C.Atakişiyev; rəyçiləri i.e.d., prof.Q.S.Süleymanov və i.f.d., dos. L.Ə.Allahverdiyeva) çapa tövsiyə olunub (economics.com.az).