“Klasterlər: beynəlxalq təcrübə və innovativ inkişaf” adlı monoqrafiyanın təqdimatı keçirilib
- Oxunub 674 dəfə
Martın 12-də AMEA İqtisadiyyat İnstitutunda “ZOOM” proqramı ilə onlayn formatda İnstitutun “Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Tərbiz Əliyevin “Klasterlər: beynəlxalq təcrübə və innovativ inkişaf” adlı monoqrafiyasının təqdimatı keçirilib.
AMEA əməkdaşlarının, ölkəmizin tanınmış iqtisadçı alimlərinin, Bakıda və regionlarda fəaliyyət göstərən ali məktəblərin müəllimlərinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim Müzəffərli açıb. O monoqrafiya barədə məlumat verib, kitabın Azərbaycan iqtisadiyyatı və elmi ictimaiyyət üçün əhəmiyyətini qeyd edib, müəllifin əməyini yüksək qiymətləndirib. Bildirib ki, prof. T.Əliyev məhsuldar ailmdir, daim elmi araşdırmalar aparır, gənclik enerjisi ilə çalışır, təqdim olunan kitab da alimin uzun illər ərzində apardığı tədqiqat əsəridir və Qarabağın iqtisadiyyatının bərpası üzrə elmi yanaşmalarda faydalı ola bilər.
Sonra məruzələr dinlənilib. Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti, iqtisad elmləri doktoru Məmməd Musayev “Sahibkarlığın davamlı inkişafında klasterlərin rolu”, Sumqayıt Dövlət Universitetinin professoru, iqtisad elmləri doktoru Şəfa Əliyev “Azərbaycanda aparılan iqtisadi islahatlar şəraitində klasterlərin elmi-praktiki əhəmiyyəti” və AMEA
İqtisadiyyat İnstitutunun baş elmi işçisi, iqtisad elmləri doktoru Seyfəddin Səməndərov “Azərbaycanda klasterləşmə ideyasının genezesindən “ mövzusunda məruzə ilə çıxış ediblər.
Məruzəçilər qeyd ediblər ki, “Klasterlər: beynəlxalq təcrübə və innovativ inkişaf” kitabı dəyərli və mühüm əhəmiyyəti olan fundamental tədqiqat əsəridir, Azərbaycan iqtisad elminə sanballı töhfədir. Azərbaycanda klasterləşmə və onun əhəmiyyəti, dünya təcrübəsi, ölkəmizdə sahibkarlığın inkişafında klasterlərin rolu barədə danışan alimlər bu baxımdan tədqiqat əsərini mühüm elmi mənbə kimi yüksək qiymətləndiriblər.
Beynəlxalq İnformatizasiya, Eko-energetika, Rusiya Təbiət elmləri və Ukrayna Texnologiya Akademiyaslarının həqiqi üzvü olan Tərbiz Əliyevin indiyədək 300-ə qədər elmi əsəri (o cümlədən 55-i xaricdə), 58 monoqrafiya və kitabı çap olunub. İqtisadiyyat İnstitutunun Elmi Şurasının və ''Аqrarkredit'' QSC-nin maliyyə dəstəyi lə buraxılan “Klasterlər: beynəlxalq təcrübə və innovativ inkişaf” kitabının elmi redaktoru i.e.d., professor Arif Şəkərəliyev, rəyçiləri i.e.d., prof. Akif Musayev və i.e.d., prof. Kamil Şahbazovdur.
Monoqrafiyada klasterlərin təşkili və idarə edilməsinin elmi əsasları ümumiləşdirilmiş klaster anlayışına dair xarici və respublika alimlərinin yanaşmaları sistemləşdirilmiş; ona müəllifin öz təcrübəsinə uyğun əsaslandırılmış tərifi verilmiş; inkişaf etmiş və inkişaf etməkdə olan bir çox ölkələrin klasterləşmə təcrübəsi şərh edilmiş; Azərbaycanda klasterləşmə üzrə sahibkarlıq subyektlərinin fəaliyyətinin nəticələri qiymətləndirilmiş, innovasiya yönümlü, sənaye ərazi və regional klasterlərin idarə edilməsi alətləri, yaradılmasının üstün cəhətləri, əlamətləri, onların formalaşdığı şəraitdə sahibkarlığın səmərəli təşkili məsələləri; Azərbaycanda klasterlərin inkişafı üzrə mövcud normativ-hüquqi bazanın möhkəmləndirilməsi; ölkənin iqtisadi rayonlarında, yanacaq-enerji kompleksində, kimya və neft-kimya sahələrində, eləcə də elm və təhsil sferasında klasterləşmənin məqsədəuyğunluğu elmi və praktiki cəhətdən əsaslandırılmışdır. Monoqrafiya klasterlərin təşkili və idarə edilməsi ilə məşğul olan rəhbər işçi və mütəxəssislər, elmi işçilər, layihə menecerləri və doktorantlar üçün nəzərdə tutulmuşdur.
Tədbirdə çıxış edənlər, professorlar Akif Musayev, Müşfiq Atakişiyev, Veysəl Əyyubov, Elşən Hacızadə, Fuad Qənbərov, Telman İmanov, dosentlər Allahyar Muradov, Nəsimi Əhmədov, Emin Məmmədzadə və digərləri yaradıcı və məhsuldar alim kimi Tərbiz Əliyevi yeni çap olunan monoqrafiyası münasibətilə təbrik ediblər və ona yeni elmi yaradıcılıq uğurları arzulayıblar.
Sonda kitabın müəllifi, professor Tərbiz Əliyev tədbirin təşkilatçılarına və məruzəçilərə, monoqrafiyanın çapa hazırlanmasında təşkilati dəstəyə görə AMEA İqtisadiyyat İnstitutunun, maliyyə dəstəyinə görə isə – Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfedrasiyasının rəhbərliyinə, elmi redaktora, rəyçilərə və əməyi olan bütün şəxslərə öz təşəkkürünü bildirib (economics.com.az).