Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib

  • Oxunub 1102 dəfə

 Martın 17-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının onlayn rejimdə “Zoom” proqramı ilə iclası keçirilmişdir. İnstitutun direktoru, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan onlayn tədbirdə bir sıra məsələlər müzakirə olunmuşdur.

  İclasda İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, i.f.d., dosent Allahyar Muradov 2019-2021-ci illər üçün İnstitutun plan elmi tədqiqat işlərinin  gedişatı, AMEA Rəyasət Heyətinin qərarına əsasən AMEA-da 2021-2025-ci illərdə aparılacaq elmi-tədqiqat işlərinin planına uyğun olaraq İqtisadiyyat İnstitutunda elmi-tədqiqat işlərinin planlaşdırılması, bu sahədə elmi şöbələrin üzərinə düşən əsas vəzifələrlə bağlı geniş məlumat verib. Bildirib ki, bu ilin sentyabr ayınadək şöbələr tərəfindən bütün hesabatlar hazır formada rəhbərliyə təqdim edilməlidir, ilin sonunadək isə elmi araşdırmalar əsasında hazırlanmış təkliflər müvafiq hökumət qurumlarına göndəriləcək. Habelə bu ilin payızınadək şöbələr tərəfindən 2022-2025-ci illər üzrə elmi tədqiqat plan işlərinin mövzuları üzrə təkliflər hazırlanmalıdır.

 Elmi Şurada İqtisadiyyat İnstitutunun Elmi katibi, i.f.d., dosent Leyli Allahverdiyeva İnstitutun daimi əsaslı onlayn elmi seminarının fəaliyyəti haqqında məlumat verdi, hər həftə müxtəlif mövzularda maraqlı elmi müzakirələrin aparıldığını, növbəti seminarların Novruz bayramından sonra keçiriləcəyini bildirdi. İclasda semiraların elmi mövzuları və aktuallığı ilə bağlı məsələlər ətrafında müzakirələr aparıldı.

 Elmi Şurada müzakirələrdən sonra AMEA-nın müxbir üzvü Ə.X.Nuriyevin, R.Y.Şixlinskayanın, S.M.Səlimovun və F.M.Kazımovun “Azərbaycan Respublikasının davamlı inkişafının prioritetləri və perspektiv qiymətləndirilməsində qeyri-səlis metodların tətbiqi” adlı kollektiv monoqrafiya (elmi redaktor: i.e.d. S.S.Səməndərov; rəyçilər: i.e.d. A.H.Qafarov, i.f.d. K.P.Piriyev və t.f.d., dos. F.Ə.Mirzəyev) çapa tövsiyə edildi (economics.com.az).