İqtisadiyyat İnstitutunda “Azərbaycanda innovasiya ekosisteminin inkişafında “ASAN xidmət”in rolu” mövzusunda tədbir keçirilib
- Oxunub 694 dəfə
Aprelin 19-da AMEA İqtisadiyyat İnstitutunda “Azərbaycanda innovasiya ekosisteminin inkişafında “ASAN xidmət”in rolu” mövzusunda elmi seminar keçirilib.
Tədbirə İqtisadiyyat İnstitutunun və Azərbaycan Respublikasının Prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşları ilə yanaşı, bir sıra elmi müəssisələrin və ali təhsil müəssisələrinin rəhbərləri, tanınmış alimlər, özəl şirkətlərin rəhbərləri də qatılıblar. Azərbaycanda innovasiyaların genişlənməsində bilavasitə maraqlı olan bir sıra dövlət qurumlarının, o cümlədən Maliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Statistika Komitəsinin səlahiyyətli şəxsləri də omaqla tədbirdə 100-dən artıq şəxs iştirak edib.
Tədbiri giriş sözü ilə açan AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim Müzəffərli əsas müzakirə mövzusu və məruzəçi haqqında, ölkəmizdə innovasiya ekosisteminin inkişafının əhəmiyyəti və bu istiqamətdə Dövlət Agentliyinin rolu barədə məlumat verib.
Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov “Azərbaycanda innovasiya ekosisteminin inkişafında ASAN-xidmətin rolu” mövzusunda geniş təqdimatla çıxış edib. Məruzəçi dördüncü sənaye inqilabı dövründə innovasiyaların gündəlik həyatımıza təsirləri, qlobal innovasiya ekosistemindəki ən son trendlər, “ASAN xidmət”in innovasiya ekosisteminin təşviqindəki funksiyaları, startap mühitinin effektivliyinin artırılması istiqamətində görülən işlər barədə danışıb. C.Salmanov tədbir iştirakçılarına Dövlət Agentliyinin yaratdığı “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti, gördüyü tədbirlər, startapların inkişafına göstərilən dəstək, “Azərbaycan İnnovasiyalar Evi” və “Tech Diaspora”nın fəaliyyəti, “Azərbaycan 500 ASAN-Startap” proqramı barədə ətraflı məlumat verilib.
Məruzəçiyə çoxsaylı suallar verilmişdir. Onları cavablandarkən C.Salmanov ölkəmizdə innovasiya ekosisteminin inkişafı ilə bağlı problemlər, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılması yolları, innovasiya sahəsində qanunvericilik bazasının formalaşdırılması, innovasiyaların maliyyələşməsi, yerli startapların inkişafı perspektivləri, insanların İKT bacarıqlarının artırılması, ölkədə innovasiya aktivliyinin gücləndirilməsi haqqında mülahizələrini bölüşüb. Bütün bu aktual məsələlər ətrafında maraqlı və geniş müzakirələr aparılıb.
Seminarın həm ASAN Agentliyi tərəfindən, həm də digər qurumlardan olan iştirakçıları dəfələrlə vurğulayıblar ki, innovativ inkişafın sürətləndirilməsi üçün dövlət orqanları ilə elm və təhsil müəssisələri arasındakı əməkdaşlığı genişləndirmək olduqca vacib şərtdir (economics.com.az).