Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

"Beynəlxalq reytinq hesabatlarında xarici ticarət göstəriciləri" mövzusunda elmi seminar keçirilib

  • Oxunub 629 dəfə

 Aprelin 26-da AMEA İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilmişdir. Seminarı giriş sözü ilə açan AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim Müzəffərli tədbirin əsas müzakirə mövzusu və məruzəçi barədə məlumat verib.

   Seminarda AMEA İqtisadiyyat İnstitutunun “Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər” şöbəsinin müdiri, iqtisad elmləri doktoru Fuad Qənbərov "Beynəlxalq reytinq hesabatlarında xarici ticarət göstəriciləri" mövzusunda məruzə ilə çıxış edib. Tədqiqatçı xarici ticarət göstəricilərini 4 beynəlxalq reytinq hesabatı üzrə təqdim edib: Qlobal Rəqabətqabiliyyətlilik İndeksi, İqtisadi Azadlıq İndeksi, Qlobal İnnovasiyalar İndeksi və Qlobal İmkanlar İndeksi. Bildirib ki, bu hesabatlarda xarici ticarət göstəriciləri orta ticarət tarifləri, qeyri-tarif məhdudiyyətləri, tariflərin mürəkkəbliyi və ticarətə açıqlıq göstəriciləri əsasında hesablanır. Qeyri-tarif baryerlərinin əhatə dairəsi alt indikatoru şirkət rəhbərləri arasında anket sorğusu keçirilməklə müəyyən olunur. Ticarət tarifləri alt indikatoru tətbiq olunan ortalama tarif dərəcəsini ölçür. Ortalama tətbiq olunan tarif hər bir ortaq ölkəyə uyğun olan idxal məhsul payları ilə ölçülən effektiv çəkildə tətbiq olunan dərəcələrin ortalamasıdır. Tariflərin mürəkkəbliyi ölkənin tarifi rejiminin mürəkkəbliyini ölçən bir göstəricidir. Tarifrlərin mürəkkəbliyi dörd meyar üzrə qiymətləndirilir: tarif dispersiyası (spesifik rüsumun adavalor ekvivalenti nəzərə alınmaqla tarif fərqi), yüksək tarif göstəricilərinin yayğınlığı, spesifik tariflərin yayğınlığı və fərqli tariflərin sayı (pillələrin sayı). Bu indikator adıçəkilən dörd meyarın ballarının sadə ortalaması əsasında hesablanır. Qeyri-tarif baryerləri kəmiyyət məhdudiyyətləri, tənzimləmə məhdudiyyətləri, gömrük məhdudiyyətləri, dövlətin birbaşa müdaxiləsi vasitəsilə həyata keçirilir.

 F.Qənbərov qeyd edib ki, Azərbaycan Qlobal Rəqabətqabiliyyətlilik İndeksi hesabatında (2019-cu ildə) 141 ölkə arasında 58-ci (qeyri-tarif baryerlərinin əhatə dairəsi üzrə 25-ci, ticarət tarifləri üzrə 93-cü, tariflərin mürəkkəbliyi üzrə 61-ci yer), İqtisadi Azadlıq İndeksində (2021-ci il) 178 ölkə arasında 38-ci, Qlobal İnnovasiyalar İndeksində (2020-ci il) 131 ölkə arasında 82-ci (tətbiq olunan ticarət tariflərinə görə 95-ci yer), Qlobal İmkanlar İndeksində (2021-ci il) 145 ölkə arasında 51-ci yerdədir (ticarətə açıqlıq sahəsində 51-ci yer, ticarət tarifləri sahəsində 96-cı yer). Orta tarif göstəriciləri üzə bütün reytinqlərdə Azərbaycanın mövqeyi 90-100 arasındadır. Bunun əsas səbəbi idxal rüsumlarının yüksək olması deyil, 0 dərəcə ilə cəlb edilən idxal mallarının sayının azlığı, idxalın strukturu və beynəlxalq təşkilatların hesabatlarında Azərbaycana aid məlumatların yenilənməməsidir.

 Təhlil edilən reytinqlər üzrə əsas göstərici ticarət tarifləridir. Alim hesab edir ki, Azərbaycanın bu göstəricilər üzrə reytinq təşkilatlarında ilk 40 ölkə arasında olması yaxın 10 ildə mümkünsüzdür. Azərbaycan beynəlxalq təşkilatların hesabatlarında məlumatların yenilənməsi, tarif baryerlərinin azaldılması sahəsində tədbirlər həyata keçirsə, 0 dərəcə ilə gömrük rüsumuna cəlb edilən məhsulların sayını artırsa və idxalın strukturu təkmilləşsə yaxın illərdə tarif göstəriciləri üzrə mövqe 50-60-cı yerlərdə ola bilər.

 Sonra məruzəci sualları cavablandırmış, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü məsələsi, bunun müsbət və mənfi tərəfləri, kömrük tarifləri, idxal və ixracın strukturu, xarici ticarətə və daxili bazarın qorunmasına təsir göstərən başlıca amillər, ölkənin xarici ticarət göstəricilərinin yaxşılaşdırılması imkanları, beynəlxalq təcrübə, əsas gözləntilər və s. məsələlər ətrafında maraqlı və geniş müzakirələr aparılmışdır (economics.com.az).