Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Azərbaycanda biznes mühiti - 2020: reallıqlar və perspektivlər” mövzusunda elmi seminar keçirilib

  • Oxunub 491 dəfə

 Mayın 24-də AMEA İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilmişdir. Seminarı giriş sözü ilə açan AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim Müzəffərli tədbirin əsas müzakirə mövzusu və məruzəçi barədə məlumat verib.

 Seminarda İnstitutun «Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri» şöbəsinin müdiri, i.e.d., professor Tərbiz Əliyev “Azərbaycanda biznes mühiti - 2020:  reallıqlar və perspektivlər” adlı məruzə ilə çıxış edib. Öz  təqdimatını Dünya Bankının “Doing Business 2020” hesabatı əsasında quran tədqiqatçı onun əsas fəlsəfəsi və qiymətləndirmə meyarları barədə məlumat verib. Ölkəmizin bu mötəbər reytinqdə mövqeyi barədə bildirib ki, müvafiq düzəlişlərdən sonra “Doing Business 2020” hesabatında Azərbaycanın əldə etdiyi bal 76,7-dən 78,5 bala qədər artırılıb. Bununla da, ölkənin qlobal reytinq sıralamasında mövqeyi 191 ölkə arasında 34-dən 28-ə yüksəlmişdir. Ölkəmizdə “Bir pəncərə” sisteminin tətbiq edilməsi, kreditə çıxış imkanlarının artırılması, kiçik paya malik olan səhmdarların hüquqlarının qorunması mexanizminin təkmilləşdirilməsi, biznesə başlama prosedurlarının sayının və sərf olunan vaxtın minimuma endirilməsi istiqamətində aparılan islahatlar nəticəsində Azərbaycan Dünya Bankı tərəfindən yenidən dünyanın ən islahatçı on ölkəsindən biri kimi qiymətləndirilib.

 Prof. T.Əliyev “Doing Business” indeksinin əsasını təşkil edən 10 indikator - biznesə başlama, tikintiyə icazələrinin alınması, elektrik təchizatı şəbəkələrinə qoşulma, əmlakın qeydiyyatı, kreditlərin alınması, kiçik investorların müdafiəsi, vergilərin ödənilməsi, sərhəddə ticarət, müqavilələrin icrası və müflisləşmənin həlli ilə bağlı aparılmış tədqiqatlar, təhlillər, ölkələr üzrə müqayisəli qiymətləndirmələr, bu sahədə ölkəmizdə həyata keçirilən islahatlar, nəticələr, real mənzərə və perspektiv imkanlar barədə danışıb. Habelə biznes fəaliyyəti ilə məşğul olan təsərrüfat subyektlərinin tərkibində baş verən institusional dəyişiklikləri, ölkə iqtisadiyyatında mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payı və rolunu qeyd edib.

 İslahatların əsas məqsədi iş adamlarının biznes mühitində dayanıqlı inkişafının təmin edilməsi və beynəlxalq hesabatlarda  ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması; sahibkarların xidmətlərdən elektron qaydada maksimum yararlana bilmələri; vətəndaşlarin və sahibkarların məmnunluğunun artırılması və bu sahədə şəffaflığın təmin olunması; dövlət-biznes tərəfdaşlığında qarşılıqlı  inamın daha da artırılması; iş adamları üçün xidmətlərin alınması zamanı tələb edilən günlərin və prosedurların sayının azaldılması; daha az xərclə xidmətlərdən faydalanmasıdır. Nəticədə sağlam rəqabət və biznes mühiti, uzunmüddətli dövrdə qlobal dəyər zəncirinə qoşulacaq yeni biznes şəbəkəsi formalaşacaqdır. Tədqiqatçı Azərbaycanın Dünya Bankının “Doing Business” hesabatında mövqeyinin yüksəldilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində təklif və tövsiyələrini də səsləndirib.

 Sonra məruzəci sualları cavablandırmış, mövzu ətrafında maraqlı və geniş müzakirələr aparılmışdır (economics.com.az).