Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi seminarda beynəlxalq reytinqlərdə nəqliyyat xidmətləri üzrə Azərbaycanın mövqeyi ilə bağlı müzakirələr aparılıb

  • Oxunub 436 dəfə

 Sentyabrın 27-də AMEA İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilmişdir. Seminarı giriş sözü ilə açan AMEA İqtisadiyyat İnstitutunun direktor müavini, i.f.d., dosent Allahyar Muradov 27 sentyabr - Anım Günü, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğalçı Ermənistan üzərindəki tarixi qələbəmiz barədə danışıb. 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanların əziz xatirəsinin Azərbaycan xalqının qəlbində daim yaşayacağını bildirib, onlara və qazilərimizə olan mənəvi borcumuz, iqtisadçı alim və tədqiqatçı kimi öz üzərimizə düşən vəzifələrimiz barədə fikirlərini bölüşüb. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.   

 Seminarda «Xidmət sahələrinin inkişafı problemləri» şöbəsinin aparıcı elmi işçisi,  i.f.d., dos. Kamran Abdullayev “Nəqliyyat xidmətləri üzrə beynəlxalq müqayisəli reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması istiqamətləri (Qlobal Rəqabətlilik İndeksi)” adlı məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, Beynəlxalq Rəqabətqabiliyyətlilik Hesabatında ölkəmizin infrastruktur sahəsi üzrə nəqliyyat infrastrukturunun vəziyyəti və yol infrastrukturunun keyfiyyəti, dəmir yollarının sıxlığı, dəmiryolu xidmətlərinin səmərəliliyi, hava limanlarının əlaqəliliyi, hava nəqliyyat xidmətlərinin, dəniz limanları xidmətlərinin səmərəliliyi göstəriciləri region dövlətləri və bu sahədə qabacıl ölkələrin göstəriciləri ilə müqayisə edilərək tədqiq edilmişdir.

 Beynəlxalq Rəqabətlilıik Hesabatında Azərbaycan 141 ölkə arasında infrastruktur sub indeksi üzrə 38-ci, nəqliyyat infrastrukturu göstəricisi üzrə isə 31-ci yerdədir. Azərbaycan infrastruktur sub-indeksi üzrə Gürcüstan (73-cü yer), İran (80-ci yer), Rusiya (50), Türkiyə (49), Qazaxıstan (67), Ukrayna (57) kimi ölkələrdən öndədir. Bundan başqa, müvafiq hesabatda 141 ölkə arasında yol şəbəkəsinin keyfiyyəti üzrə ölkəmiz 88-ci, yol infrastrukturunun keyfiyyəti üzrə 27-ci, dəmiryollarının sıxlığı üzrə 34-cü, dəmiryol xidmətlərinin səmərəliliyi üzrə 11-ci, hava limanlarının bağlantısı üzrə 79-cu, hava nəqliyyat xidmətlərinin səmərəliliyi üzrə 12-ci, dəniz limanları xidmətlərinin səmərəliliyi üzrə 25-ci yerdədir.

 Tədqiqatçı K.Abdullayev tərəfindən son illər ölkəmiz üzrə dəmiryolu nəqliyyatında (yük və sərnişin daşımaları daxil olmaqla) əldə olunan gəlir və xərclər, eləcə də daşımalar üzrə xərclər və əsas kapitala yönələn investisiyalarla bağlı statistik göstəricilər üzrə dəyişən dinamika, onlar arasında korrelyasiya əlaqəsi təhlil olunmuşdur. Bundan başqa hava nəqliyyatında (yük və sərnişin daşımaları daxil olmaqla) əldə olunan gəlir və xərclər, daşımalar üzrə xərclər və əsas kapitala yönələn investisiyalar üzrə statistik göstəricilər ilə bağlı dəyişən dinamika da təhlil edilmiş, onlar arasında korrelyasiya əlaqəsi araşdırılmışdır. Beynəlxalq reytinqdə ölkəmizin göstəricilərinin yaxşılaşdırılması, mövqelərimizin irəliləməsi üçün tədqiq olunan infrastruktur sahəsi üzrə mövcud problemlər müəyyən edilmiş, onların aradan qaldırılması istiqamətində təklif və tövsiyələr irəli sürülmüşdür.

 Sonra məruzəci sualları cavablandırmış, nəqliyyatın bütün sahələri üzrə ölkəmizdəki real vəziyyət, həyata keçirilən yerli və beynəlxalq əhəmiyyətli nəqliyyat layihələri, nəqliyyat sektorunun gələcək inkişaf istiqamətləri, dünyada bu sahədəki başlıca meyillər və beynəlxalq təcrübə ətrafında maraqlı və geniş müzakirələr aparılmışdır (economics.com.az).