"Xarici ticarət və ticarət tarifləri" üzrə İşçi qrupunun iclası keçirilib
- Oxunub 346 dəfə
28 sentyabr 2021-ci il tarixində video-konfrans formatında Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Xarici ticarət və ticarət tarifləri" üzrə İşçi qrupuna üzv olan nümayəndələrin iştirakı ilə növbəti iclası keçirilmişdir.
İşçi qrupun rəhbəri, İqtisadiyyat Nazirliyinin Ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin müdiri Xəzər Bəşirov üçüncü rüb ərzində ölkəmizin ixrac-idxal əməliyyatlarının asanlaşdırılması, xarici ticarət qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər, hazırlanmış layihələr və əldə edilmiş nəticələr barədə məlumat vermişdir.
Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev bildirib ki, “Doing Business” komandası tərəfindən sözügedən hesabatın 7 indikatoru üzrə ölkəmizdə aparılan islahatların 2019-cu ildə qəbul edilməsinə baxmayaraq daha sonra elan edilmiş rəsmi bəyanatda 3 indikator üzrə islahatların sahibkarlar tərəfindən qəbul edilməməsi əsas gətirilərək reytinqlərin hesablanması zamanı nəzərə alınmamışdır.
Komissyanın iclasında iştirak edən AMEA-nın İqtisadiyyat İnstitutunun şöbə müdiri Fuad Qənbərov İqtisadiyyat İnstitunda orta çəkili tarif dərəcəsinin hesablanması ilə bağlı Ümumdünya Ticarət Təşkilatının məlumatları əsasında akademik araşdırmanın aparıldığını bildirib. Araşdırmanın nəticələrinə görə Azərbaycanda gömrük rüsumları yüksək olmasa da, aşağı dərəcə ilə rüsum tutulan malların sayı digər ölkələrə nisbətən az olduğundan reytinqlərdə tarif dərəcləri üzrə Azərbaycanın mövqeyi elə də yaxşı deyil.
İclasın sonunda 2021-ci ilin təsdiq olunmuş Fəaliyyət Planında nəzərdə tutulan müddəaların icrasının yekunlaşdırılması və hesabatların təqdim olunması, eyni zamanda İşçi Qrupun 2022-ci il üzrə fəaliyyət istiqamətlərinin müəyyən edilməsi və fəaliyyət planında daxil edilməsi məqsədilə aidiyyəti qurumlar tərəfindən təkliflərin hazırlanması ilə bağlı qərar qəbul edilmişdir.