Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın növbəti toplantısı keçirilib
- Oxunub 293 dəfə
Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Texnologiya və İnnovasiyalar üzrə İşçi qrupunun növbəti görüşü keçirilib. İşçi qrupunun rəhbəri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov iclası açıq elan edərək müzakirə olunacaq məsələlərlə bağlı məlumat verib.
Komissiyanın iclasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, İqtisadiyyat Nazirliyinin, Təhsil Nazirliyinin, Əqli Mülkiyyət Agentliyinin, Ədliyyə Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, vətəndaş institutlarının nümayəndələri, AMEA-nın İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent Allahyar Muradov iştirak ediblər.
Toplantıda Refinitiv bazaya çıxışın əldə olunması, "İnzibati icraat haqqında" qanuna, Vençur və kraudfandinq fəaliyyəti ilə bağlı mövcud qanunvericiliyə dəyişiklik edilməsi ilə əlaqədar hazırlanmış normativ-hüquqi akt layihələri, Azərbaycan elmi istinad indeksinin tətbiqi imkanları, "Qlobal İnnovasiyalar İndeksi" üzrə 2021-ci il hesabatına əsasən ölkənin mövqeyinə təsir edən subindekslərin yaxşılaşdırılması istiqamətində müzakirələr aparılıb. Eyni zamanda, https://azranking.az/online-apply onlayn müraciət bölməsi vasitəsilə özəl sektor nümayəndələrinin və vətəndaşların İşçi qrupunun fəaliyyətinə cəlb edilməsi, müzakirələrə aktiv qoşulması imkanları barədə danışılıb. Sonda ölkənin mövqeyinin Qlobal Rəqabətlilik və Qlobal İnnovasiyalar indeksləri üzrə yaxşılaşdırılması istiqamətində müvafiq qərarlar qəbul edilib.