Elmi Seminarda Azərbaycanın regionlarının iqtisadi potensialından istifadənin effektivliyi müzakirə olunub
- Oxunub 369 dəfə
Oktyabrın 25-də AMEA İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilmişdir. Seminarı giriş sözü ilə açan AMEA İqtisadiyyat İnstitutunun direktor müavini, i.f.d., dosent Allahyar Muradov tədbirin əsas müzakirə mövzusu və məruzəçi barəsində məlumat verib.
Seminarda İqtisadiyyat İnstitutunun “Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri” şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Məzəddin Əyyubov "Azərbaycanın regionlarının iqtisadi potensialdan istifadənin effektivliyi" adlı məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, AMEA İqtisadiyyat İnstitutunda ilk dəfə yerinə yetirilən “Azərbaycanın iqtisadi və inzibati rayonlarında iqtisadi potensialdan istifadənin effektivliyi” mövzusunda aparılan tədqiqatların əsas məqsədi Azərbaycaının regionlarının müstəqil iqtisadi inkişaf edə bilmə qabilliyəti əsasında gələcək
dövrdə tam təsərrüfat hesabına keçirilməsi ilə əlaqədar özünü maliyyələşdirməsi və öz xərclərini ödəmələri mexanizminin yaradılmasıdır. Regionun (ölkənin) iqtisadi potensial amilləri sırasına: 1) regionun əhalisi, əmək ehtiyyatları, məşğul əhali; 2) iqlim şəraiti, ərazisi, yararlı torpaq ehtiyatları, əsas istehsalat fondları; 3) mineral-xammal ehtiyatları, dövriyyə fondları (maddi dövriyyə fondu, tədavül fondu); 4) sərbəst pul kütləsi aid edilir.
Regionun yararlı torpaq ehtiyatları, əsas istehsalat fondları amilləri ilə mineral-xammal ehtiyatları, dövriyyə fondları regionun istehsal potensialını formalaşdırır. Öz növbəsində əmək ehtiyatları ilə istehsal potensialı regionun məhsuldar qüvvələri hesab olunur. Regionun məhsuldar qüvvələri ilə regionda mövcud olan sərbəst pul kütləsi regionun iqtisadi potensialını təşkil edir.
Tədqiqatçı hesab edir ki, regionların iqtisadi potensialından istifadənin effektivliyinin qiymətləndirilməsi vasitəsilə gələcək dövrdə hər bir regionun (iqtisadi rayonun) iqtisadi inkişafının regiondaxili maliyyə mənbələri hesabına strateji istiqamətlərinin formalaşdırılması və ölkənin dölət büdcəsinin yükünün azaldılmasını təmin etmək olar. Bu sahədəki tədqiqatların metodologiyası müəllif tərəfindən işlənmiş və 2017-2019-ci illər üzrə Azərbaycan Respublikası Dölət Statistika Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi tərəfindən dərc edilmiş rəsmi ststistik məlumatlar əsasında aprobasiyadan keçirilmişdir.
Seminarda M.Əyyubovun təklif etdiyi metodologiya və elmi yanaşma müzakirə edilib. Habelə indiyədək həyata keçirilən regionların inkişafı proqramları və onların nəticələri, regionların iqtisadi potensialı və ondan istifadənin effektivliyi, yararlı torpaq ehtiyatları, əsas istehsalat fondlarının mövcudluğu, xammal, material-məhsul ehtiyatları, əmək ehtiyatları, işğaldan azad olunmuş rayonların iqtisadi potensialı, pandemiyanın regionların inkişafına mənfi təsirləri və s. məsələlər ətrafında maraqlı diskussiya aparılıb (economics.com.az).