Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi seminarda dövlətin aqrar siyasəti və kənd təsərrüfatının inkişafı məsələləri müzakirə olunub

  • Oxunub 475 dəfə

 Noyabrın 29-da AMEA İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilmişdir. Seminarı giriş sözü ilə açan AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim Müzəffərli tədbirin əsas müzakirə mövzusu barəsində məlumat verib.

 Seminarda İqtisadiyyat İnstitutunun “Aqrar islahatlar və ərzaq təhlükəsizliyi şöbəsi” şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Famil Rüstəmov “Dövlətin aqrar siyasəti və kənd təsərrüfatının inkişafının planlaşdırılması məsələləri” adlı məruzə ilə çıxış edib. Kənd təsərrüfatının ölkə iqtisadiyyatındakı rolundan və əhəmiyyətindən danışan məruzəçi bildirib ki, 2020-ci ildə ÜDM-də onun payı 6,9% olmuşdur. Son illərdə respublikamızda aqrar sahədə bir sıra islahatlar aparılmış, dövlət dəstəyi mexanizmi təkmilləşdirilmişdir. Xüsusilə subsidiyaların verilməsində bir sıra yeniliklər edilmişdir. 2019-cu ildə Aqrar Kredit və İnkişaf Agentliyinin nəzdində Aqrar Subsidiya Şurası yaradılmış, keçən ilin əvvəlindən kənd təsərrüfatının subsidiyalaşdırılmasında yeni mexanizmin tətbiqinə başlanılmış, fermerlərə subsidiya kartları paylanılaraq, vəsaitin birbaşa bank kartlarına köçürülməsi təmin edilmişdir. Prosesdsə icra hakimiyyəti strukturlarının təsiri və iştirakı minimuma endirilmiş, fermerlərə dövlət yardımı sistemi tam elektronlaşdırılmışdır. Əvvəlki illərdə subsidiyalar yalnız əkin sahələrinin ərazisinə görə verilirdi və bu proses yerli icra hakimiyyətləri ilə birlikdə həyata keçirilirdi. Bu da korrupsiya hallarına, kağız üzərində daha çox torpaq sahəsi göstərərək əlavə subsidiyaların alınmasına və digər neqativ halların baş verməsinə səbəb olurdu. Hazırda əkin və  məhsul subsidiyası ilə yanaşı fermerlərə toxum, heyvan, arı və  barama subsidiyası da verilir.

 Tədqiqatçı qeyd edib ki, keçən ilin noyabr ayında respublikamızda dövlət dəstəyi ilə yeni aqrar sığorta mexanizmi fəaliyyətə başlayıb. Aqrar sığorta qaydalarına əsasən fermerlərə dəstək üçün sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir. Aqrar Sığorta Fondunun (ASF) məlumatına görə, 2021-ci ilin yanvar-sentyabr aylarında ölkə üzrə 3,906 milyon manat sığorta haqqı toplanılıb. Toplanan sığorta haqlarının böyük hissəsi heyvandarlıq sektorunu əhatə edir. Belə ki, kənd təsərrüfatı heyvanlarının sığortalanması üzrə 3 milyon 268 min manat, əkin sahələrinin sığortası üzrə isə 638 min manat sığorta haqqı toplanıb. Ölkə başçısının 1 sentyabr 2021-ci il tarixli fərmanı ilə «Kənd təsərrüfatı məhsulları istehsalçıları üçün subsidiya qaydaları»na edilən dəyişikliyə əsasən 7 bitki növü - arpa, buğda, çəltik, qarğıdalı, fındıq, çay və limon üzrə sahəsi 10 hektar və daha artıq olan təsərrüfatlar əkin subsidiyası almaq üçün əkin sahələrini sığorta etməlidirlər. Bu isə onu deməyə əsas verir ki, növbəti illərdə əkin sahələri üzrə toplanan sığorta haqqlarının miqdarı xeyli artacaq.

 Son illərdə kənd təsərrüfatı məhsullarının ixrac coğrafiyasının, eləcə də  ixrac olunan məhsulların çeşidlərinin genişləndirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilir, xarici ölkələrə ardıcıl olaraq ixrac missiyaları təşkil edilir, nüfuzlu beynəlxalq sərgilərdə Azərbaycan şirkətlərinin “Made in Azerbaijan” brendi ilə iştirakı təmin olunur,  xarici ölkələrdə Azərbaycan ticarət və şərab evləri yaradılır. Hələlik kənd təsərrüfatı məhsullarının ixracında Rusiyanın payı yüksək olaraq qalır. Avropa və ərəb ölkələrinə gəlincə, bu ölkələrə məhsul ixracı həm məsafə baxımından, həm də sertifikatlaşdırma ilə bağlı çətinliklər səbəbindən məhdud olaraq qalır.

 Məruzəçi vurğulayıb ki, aqroparkların yaradılması istiqamətində 1,2 mlrd. manat investisiya qoyulub. 32 rayon üzrə 240 min hektar ərazidə 51 aqroparkın  yaradılması nəzərdə tutlub. Bunlardan 35-i bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, biri heyvandarlıq fəaliyyəti, biri isə çeşidləmə-qablaşdırma, emal və logistika sahələri üzrə ixtisaslaşıb. Artıq 43 aqropark fəaliyyətə başlayıb və  bu aqroparklarda 4750 işçi daimi, 4800-dən çox işçi isə mövsümü işlə təmin olunub. 2017-2020-ci illər ərzində aqroparklarda ümumi sahəsi 7500 hektardan çox olan intensiv meyvə bağları salınıb ki, bu meyvə bağlarından 2020-ci ildə 12 min ton alma, 393 ton zeytun, 183 ton badam, 200 ton nar, 165 ton üzüm və s. yığılıb.

 F.Rüstəmov aqrar sektorun inkişafı ilə bağlı təklif və tövsiyələrini də səsləndirib.

 Sonra aqrar sektora dövlət dəstəyi tədbirləri, kənd təsərrüfatı məhsullarının istehsalı, satışı və ixracı problemləri, daxili bazarın qorunması, potensial imkanlar, ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələləri ətrafında geniş müzakirələr aparılıb (economics.com.az).