İqtisadiyyat İnstitutunun Elmi Şurasının iclası keçirilib
- Oxunub 439 dəfə
Yanvarın 27-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının onlayn rejimdə “Zoom” proqramı ilə növbəti iclası keçirilmişdir. İnstitutun baş direktoru, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan onlayn tədbirdə bir sıra məsələlər müzakirə olunmuşdur.
Baş direktor məlumat verib ki, institutun 2 əməkdaşı - i.e.d., dos. Mayis Gülalıyev və i.f.d., dos. Aqil Eyvazov öz xahişləri ilə işdən ayrılıblar və fəaliyyətlərini Azərbaycan Texnologiya Universitetində davam etdirəcəklər.
Habelə bildirilib ki, İqtisadiyyat İnstitutunun baş direktorunun müvafiq əmri ilə dissertasiyalar da daxil olmaqla elmi əsərlərin plagiat mövzusunda yoxlanılması məqsədi ilə İnstitutda “Plagiata qarşı ekspert Komissiyası” yaradılıb. Komissiyanın fəaliyyətinə nəzarət İnstitutun elmi katibi, i.f.d., dos. Leyli Allahverdiyevaya həvalə olunub. Komissiyaya İnstitutun əməkdaşları - aparıcı elmi işçi, i.f.d., dos. Emin Məmmədzadə – sədr və böyük elmi işçi Gülnarə Fətəliyeva – üzv daxil ediliblər. Dissertasiyaların plagiat mövzusunda yoxlanılması iki mərhələdə həyata keçiriləcək: ilkin müzakirəyə təqdim edilərkən – “Strikeplagiarism” antiplagiat sistemi vasitəsi ilə; elmi seminara təqdim edilərkən – komissiya tərəfindən ekspert yoxlaması üsulu ilə. İnstitut Elmi Şurasının qərarı ilə çapa tövsiyə olunan monoqrafiya, kitab və məqalələr, habelə elmi ad almaq üçün AAK-a göndərilməsi nəzərdə tutulan elmi əsərlər Elmi Şuraya təqdim edilməzdən əvvəl Komissiya tərəfindən ekspert üsulu ilə yoxlanılacaq. Komissiya fevralın 1-dən fəaliyyətə başlayacaq. Habelə fevralın 1-dən etibarən dissertasiyaların ilkin müzakirələri və elmi seminarlar bərpa olunacaq.
İqtisadiyyat İnstitutunun elmi katibi, i.f.d., dos. Leyli Allahverdiyeva Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) fəaliyyəti, gənclərlə bağlı qanunvericiliyə uyğun olaraq, Şuranın seçki yolu ilə formalaşmış yeni tərkibi haqqında məlumat verib. Bildirib ki, elmi işçi Ceyhun Hüseynov GAMŞ-ın yeni sədri, elmi işçi Dilman Əsədov sədr müavini və elmi işçi Minarə Ağayeva katib seçiliblər.
Sonra səsvermə yolu ilə Elmi Şuranın tərkibində dəyişikliklər olunub, dosent Ramil Əliyev və dos. Mayis Gülalıyev Elmi Şuranın tərkibindən çıxarılıblar, GAMŞ-ın yeni sədri Ceyhun Hüseynov Şuranın tərkibinə daxil edilib.
Təhsil şöbəsinin müdiri, dosent Gülsurə Mehdiyeva İnstitutun doktorant və dissertantlarının fərdi iş planları barədə məlumat verib, müzakirələrdən sonra iş planları təsdiqlənib (economics.com.az).