Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun Elmi Seminarında “Azərbaycan folkloru və dövlətçilik şüuru” adlı məruzə dinlənilib

  • Oxunub 379 dəfə

Fevralın 14-də AMEA İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilib.

 AMEA İqtisadiyyat İnstitutunun baş direktoru, i.e.d., professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən tədbirə Folklor İnstitutunun, ali təhsil müəssisələrinin əməkdaşları da qatılıblar.

 Seminarda AMEA-nın Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov “Azərbaycan folkloru və dövlətçilik şüuru”  adlı məruzə ilə çıxış edib. Rəhbərlik etdiyi İnstitutda aparılan tədqiqatlar barədə məlumat verən baş direktor tarixən böyük inkişaf yolu keçmiş zəngin milli folklorumuzdan, dastanlarımızdan, oğuznamələrdən, folklor qəhramanlarımızdan, milli təfəkkürün formalaşmasında folklorun rolundan, qədim dövlətçilik tariximizin və milli ənənələrimizin müxtəlif formalarda dastanlarda, eposlarda, nağıllarda, rəhgarəng obrazlarda öz əksini tapmasından, folklor nümunələrində torpağa, vətənə, ailə, qadına, anaya, ataya, uşağa, təbiətə sevgidən, Azərbaycanın regionlarında folklor nümunələrinin toplanması sahəsində görülən işlərdən danışıb.

 Akademik qeyd edib ki, folklorşünaslıq bütün dünyada xalqların azadlıq mübarizəsinin  əks olunduğu xalq yaradıcılığının mühüm bir sahəsi kimi qəbul olunur. Tarixən toplumların əsas məqsədi siyasi müstəqillik ideyasıdır, bu yolda aparılan mübarizədir. Azərbaycan xalqnın yaratdığı eposlar, dastanlar, xüsusən də “Dədə Qorqud” bu qəbuildən olan nümunələrdir. Bütün Oğuznamələrin bir amalı var – müstəqil dövlət qurmaq. Xalqımızın yaratdığı folklor nümunələrində dövlətçilik ənənələrimiz, dövlətin və toplumun vahidliyi, xalqın birliyi, ədalətə əsaslanan idarəetmə, dövlətin qorunması və gücləndirilməsi, insanların yaşayışı, milli düşüncəsi, adət-ənənələri, qədim türklərin dünya görüşündə ədalət, din, dövlət, xalq, ordu anlayışı, toplumu birləşdiriən amillər, xeyir və şər obrazları öz əksini tapıb.   

 Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb. Müasir qloballaşan dünyada tarixən formalaşmış zəngin milli xüsusiyyətlərimizi, özünəməxsusluğumuzu qorumaqla dünyaya inteqrasiyanın vacibliyi, dövlətçiliyimizin möhkəmləndirilməsində onun rolu və əhəmiyyəti vurğulanıb (economics.com.az).