İqtisadiyyat İnstitutunun şöbə müdiri Qazaxıstanın Xalqlar Dostluğu Universitetinin təşkil etdiyi tədbirdə iştirak edib
- Oxunub 483 dəfə
AMEA İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, i.e.d., dos. Rəsmiyyə Abdullayeva aprelin 19-da Qazaxıstanın Xalqlar Dostluğu Universitetinin təşkil etdiyi “İnklüziv təhsil – bərabər hüquqlu cəmiyyət quruculuğunun əsasları” mövzusunda tədbirdə iştirak etmişdir.
Tədbir Zoom platforması üzərindən reallaşdırılmışdır. Universitetin rektoru, Türküstan vilayətinin deputatı, professor Rabiqə Muratoviç Kuatbekova tədbir iştirakçılarını salamlamış və “Sərhədsiz gələcək – xoşbəxtliyin mənbəyidir” mövzusunda məruzə ilə çıxış etmişdir.
R.Abdullayeva tədbirdə Azərbaycanda əlil uşaqların sosial müdafiəsi, onların təhsil ala bilmək imkanları haqqında məlumat vermişdir. O qeyd etmişdir ki, bu sahədə təkcə dövlət tərəfindən deyil, eyni zamanda qeyri-dövlət strukturları (xeyriyyə fondları, qeyri-hökumət təşkilatları və s.) da müəyyən işlər görürlər. Dünyada son illərdə fiziki məhdudiyyəti olan uşaqların cəmiyyətə inteqrasiyası, onların həmyaşıdları ilə bərabər şərtlər daxilində təhsil almaları prioritet məsələlərdəndir. Beynəlxalq təşkilatlar bu məsələyə xüsusi diqqət yetirirlər. Bu, həm də inklüzivlik baxımından mühüm əhəmiyyət kəsb edir. R.Abdullayeva bu sahədə Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi vurğulayıb. Həmçinin əlillərin cəmiyyətə inteqrasiyası, inküzivliyin təmin olunması ilə bağlı təkliflərini səsləndirib (economics.com.az).