İqtisadiyyat İnstitutu AMEA-nın elmi nailiyyətləri sərgisində təmsil olunur
- Oxunub 463 dəfə
Aprelin 27-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əsas binasında Elm Gününə həsr edilən akademiyanın elmi nailiyyətləri sərgisinin açılışı olub.
AMEA-nın Ümumi yığıncağı çərçivəsində təşkil olunan sərgi ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, AMEA-nın Rəyasət Heyətinin üzvləri, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, akademiyanın həqiqi və müxbir üzvləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının baş və icraçı direktorları, ali təhsil müəssisələrinin rektorları, eləcə də xaricdə yaşayan azərbaycanlı alimlər tanış olublar.
İqtisadiyyat İnstitutunun da təmsil olunduğu sərgidə AMEA-nın elmi müəssisə və təşkilatlarının nümayəndələri qonaqlara elmi tədqiqatlar sahəsində əldə edilən əsas nailiyyətlər, kitab və monoqrafiyalar və s. haqqında məlumat veriblər. Həmçinin müəssisələrin nailiyyətləri quraşdırılmış monitorlar vasitəsilə əyani nümayiş etdirilib.
Sərgidə AMEA İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim Müzəffərli (İmanov) və İnstitutun icraçı direktor vəzifəsini icra edən i.f.d., dos. Allahyar Muradov iştirak ediblər. İqtisadiyyat İnstitutunun elmi nailiyyətlərinin sərgisində təqdim olunan materiallar maraqla qarşılanıb və yüksək qiymətləndirilib.
Elmi nailiyyətlər sərgisi aprelin 29-dək davam edəcək (economics.com.az).