ZƏFƏR BAYRAMINA həsr olunmuş müsabiqə keçiriləcək
- Oxunub 396 dəfə
AMEA İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim Müzəffərli (İmanov) İnstitutda yerinə yetirilən plan elmi-tədqiqat işlərinin ZƏFƏR BAYRAMINA həsr olunmuş müsabiqəsi haqqında əmr imzalayıb və müvafiq qaydalar təsdiq edilib.
Əmrin tam mətni və müsabiqə qaydaları aşağıda əlavə olunur.
İqtisadiyyat İnstitutunun əməkdaşları arasında Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin Vətən Müharibəsində qazandığı şanlı Qələbənin təbliği, habelə elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi və bunun üçün əməkdaşların əlavə stimullaşdırılması məqsədi ilə
ƏMR EDİRƏM:
I. 2022-ci ilin noyabr-dekabr aylarında, İnstitutda yerinə yetirilən Plan elmi-tədqiqat işlərinin Müsabiqəsi keçirilsin.
II. Müsabiqənin bu Əmrə əlavə edilən Qaydaları təsdiq edilsin.
III. Müsabiqənin keçirilməsi üçün aşağıdakı tərkibdə Müsabiqə Komissiyası yaradılsın:
Atakişiyev Müşviq Cəmil oğlu (İcraçı direktor) – Sədr
Allahverdiyeva Leyli Əli qızı (elmi katib) – üzv
Rüstəmov Famil Vəli oğlu ( aparıcı elmi işçi) - üzv
IV. Müsabiqə Komissiyası İnstitutun əməkdaşı olmayan mütəxəssislər arasından qiymətləndirici ekspertlər seçib rəsmiləşdirsin.
V. 30 noyabr 2022-ci il tarixinədək Şöbə müdirləri ümumi hesabatları və əməkdaş-ların yerinə yetirdiyi fərdi plan elmi-tədqiqat işlərini Müsabiqə Komissiyasına təq-dim etsinlər.
VI. Müsabiqənin qalibi olan şöbə və əməkdaşlara – tutduqları yerlərə müvafiq olaraq – Fəxri diplomlar təqdim olunsun. Müsabiqə Komissiyasi Fəxri diplomların layihəsini hazırlasın və 10 dekabr 2022-ci il tarixinədək İnstitutun baş direktorunun təsdiqinə versin.
VII. “Azərbaycan Milli Elmlər Akademiyasında elmi tədqiqatların maliyyələşdiril-məsinin yeni mexanizminin tətbiqi ilə bağlı AMEA İqtisadiyyat İnstitutunda 2021-2024-cü illər üzrə pilot layihənin həyata keçməsi Qaydası”nın 3.5-ci bəndinə (İnstitut rəhbərliyi büdcə ili ərzində baza maliyyələşdirilməsi məbləğindən qənaət olunmuş vəsaitin İnstitutun Nizamnaməsində nəzərdə tutulmuş məqsədlər üçün sərf olunmasında sərbəstdir) və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 157-ci maddəsinin 6-cı bəndinə əsaslanaraq, Müsabiqənin qaliblərinə İnstitutun qənaət olunmuş vəsaiti hesabına aşağıdakı məbləğlərdə pul mükafatları verilsin:
- Şöbə hesabatları üzrə:
Müsabiqənin qalibi elan edilmiş şöbəyə – 2000,00 manat
- Fərdi hesabatlar üzrə:
1-ci yer (bir mükafat) – 1000,00 manat
2-ci yer (iki mükafat) – 750,00 manat
3-cü yer (üç mükafat) – 500,00 manat
VIII. Müsabiqə bitdikdən sonra Müsabiqə qaydalarının 2.2-ci bəndinə müvafiq olaraq, qiymətləndirici ekspertlərin hər birinə müqavilə əsasında 750,00 manat həcmində qonarar ödənilsin.
IX. Mühasibat Mükafatlandırma ilə bağlı maliyyə məsələlərini həll etsin.
X. Bu əmr və Müsabiqə Qaydaları İnstitutun İnternet saytında və Elanlar lövhəsində yerləşdirilsin.
AMEA İqtisadiyyat İnstitutu şöbə və əməkdaşlarının plan elmi-tədqiqat işləri arasında Zəfər Bayramına həsr olunmuş müsabiqənin qaydaları ilə aşağıdakı linkdə tanış ola bilərsiniz.