Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun Elmi Şurasının iclası keçirilib

  • Oxunub 286 dəfə

 Noyabrın 22-də İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. İnstitutun baş direktoru, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan toplantıda bir sıra məsələlər müzakirə olunmuşdur.

  İnstitutun icraçı direktoru, professor Müşfiq Atakişiyev oktyabrın 14-də İqtisadiyyat İnstitutu və “Naxçıvan” Universitetinin birgə təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasının gələcək iqtisadi inkişaf və prioritetləri” mövzusunda keçirilmiş elmi konfrans barədə məlumat verib. Bildirib ki, “Naxçıvan” Universitetində təşkil olunan tədbirdə prof. Nazim Müzəffərlinin rəhbərliyi ilə İqtisadiyyat İnstitutunun bir qrup alimi qatılıb. O cümlədən prof. Müşfiq Atakişiyev, prof. Tərbiz Əliyev, prof. Fuad Qənbərov,  dos. Allahyar Muradov və dos. Pərviz Həsənov aktual iqtisadi mövzularda məruzələrlə çıxış ediblər. Məruzələr ətrafında geniş müzakirələr aparılıb. İqtisadiyyat İnstitutunun elmi tədqiqatları əsasında çap olunmuş 40-a yaxın kitab “Naxçıvan” Universitetinə hədiyyə olunub. Konfrans iştirakçıları Duzdağ Fizioterapiya Mərkəzini və bir sıra tarixi abidələri ziyarət ediblər. 

  İnstitutun Təhsil şöbəsinin müdiri, i.f.d. Ellada Xankişiyeva bu il magistraturaya qəbul olmuş magistrantların dissertasiya mövzuları və elmi rəhbərləri barədə məlumat verib. Müzakirələrdən sonra mövzular və rəhbərlər təsdiq edilib.

 İclasda gizli səsvermə yolu ilə aparıcı elmi işçi, i.f.d. Sulduz Səlimova “Dosent” elmi adının verilməsi haqqında qərar qəbul olunub.

 Elmi Şuranın üzvləri Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən “Dosent” diplomu təqdim olunmuş İnstitutun aparıcı elmi işçisi, i.f.d. Famil Rüstəmovu, “Fəlsəfə doktoru” diplomu verilmiş böyük elmi işçi, i.f.d. Gülnarə Fətəliyevanı, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası tərəfindən gənc tədqiqatçılar arasında keçirilmiş elmi məqalə müsabiqəsində 1-ci yeri tutmuş Gülnaz Sarızadəni təbrik ediblər (economics.com.az).