İqtisadiyyat İnstitutunda Bakı Biznes Universitetinin rəhbərliyi ilə işgüzar görüş keçirilib
- Oxunub 537 dəfə
Yanvarın 12-də Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunda Bakı Biznes Universitetinin (BBU) rəhbərliyi ilə işgüzar görüş keçirilib. İqtisadiyyat İnstitutunun baş direktoru, i.e.d., professor Nazim Müzəffərlinin və Bakı Biznes Universitetinin (BBU) rektoru, i.e.d., professor İbad Abbasovun iştirakı ilə keçirilən tədbirə rəhbərliyə daxil olan bir qrup əməkdaş da qatılıb.
Görüşdə iki – elm və təhsil qurumu arasında əməkdaşlığın genişləndirilməsi, BBU-nun magistrantlarının İqtisadiyyat İnstitutunda növbəti təcrübə-təlimi keçməsi məsələləri geniş müzakirə edilib, ilkin razılıq əldə olunub. Həyata keçirilməsi nəzərdə tutulan birgə layihənin konkret detalları üzrə işlər işçi qruplar arasında davam etdiriləcək. Məqsəd BBU magistrantlarının İqtisadiyyat İnstitutunda elmi tədqiqatlar sahəsində biliklərinin artırılması, tədqiqat üsullarını mənimsəmələri və praktiki bacarıqlara yiyələnməsidir.
Xatırladaq ki, 2022-ci ildə BBU-nun magistrantları İqtisadiyyat İnstitutunda təcrübə-təlim kursları keçiblər və sonda onlara İqtisadiyyat İnstitutunun sertifikatı təqdim olunub. 1 ay müddətində İqtisadiyyat İnstitutunun alimləri tərəfindən “Beynəlxalq müqayisəli iqtisadi tədqiqatlar” mövzusunda keçirilən təlimlərdə BBU-nun 15 magistrantı iştirak edib. Onlar üçün dünyada iqtisadiyyat sahəsində məşhur beynəlxalq müqayisəli reytinqlər və bu sahədə aparılan tədqiqatlarla bağlı təlimlər, praktiki məşğələlər təşkil olunub. Təlimlərin sonunda onların aldıqları biliklər qiymətləndirilib.
Təcrübə-təlim kurslarının keçirilməsi üçün İqtisadiyyat İnstitutu ilə BBU arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən ödənişli olan təlim kursları üçün BBU İqtisadiyyat İnstitutuna vəsait ödəyib. Bu, özəl universitetlə AMEA İqtisadiyyat İnstitutu arasında haqqı ödənilmək şərti ilə tələbə və magistrantlara ixtisas üzrə təşkil olunan təlim olaraq Azərbaycanda ilk təcrübədir. Universitetin magistrantları İqtisadiyyat İnstitutunda aparılan elmi-tədqiqat işləri ilə də tanış olmaq imkanı qazanıblar. Hər iki qurum bu sahədəki əməkdaşlığı genişləndirmək və təcrübə-təlim kurslarını davam etdirmək fikrindədir (economics.com.az).