İqtisadiyyat İnstitutunun 4 elmi əməkdaşına ingilis dilində akademik yazı bacarıqları üzrə sertifikat verilib
- Oxunub 541 dəfə
“Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə əlaqədar 2022-ci il üzrə Yol Xəritəsi” çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatçılğı və Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyinin dəstəyi ilə gənc tədqiqatçıların ingilis dilində akademik yazı bacarıqlarının yaxşılaşdırılması məqsədilə “Virtual EL Educator” proqramı həyata keçirilib.
Amerikalı təlimçi Erin Karl tərəfindən onlayn kursun birinci semestri 2022-ci ilin oktyabr-dekabr aylarında, ikinci semestri 2023-cü ilin mart-may aylarında təşkil edilib. Birinci semestrdə 90 gənc tədqiqatçı iştirak edib və onlardan daha yüksək nəticə göstərən 50 nəfər ikinci semestrə vəsiqə qazanıb. Kurs zamanı dinləmə, oxuma, danışma və yazma bacarıqları ilə yanaşı, akademik yazı, ünsiyyət, məlumat mübadiləsi və təqdimat bacarıqları üzrə təlimlər keçirilib.
Kursu uğurla başa vuran gənclərin sertifikatlarla təltif edilməsi məqsədilə AMEA-nın Mərkəzi Kitabxanasında xüsusi mərasim təşkil edilib.Tədbirdə AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik Arif Həşimov, ABŞ-ın Azərbaycandakı səfirliyinin Mədəniyyət və təhsil məsələləri üzrə müşaviri Salman Hacı və ingilis dili üzrə proqram koordinatoru Səbinə Abdullayeva, Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun Təhsil, xarici və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Rüstəm Rüstəmov, AMEA-nın Xarici əlaqələr və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri, dosent Esmira Əlirzayeva və şöbənin əməkdaşları iştirak ediblər.
Sonda kursda iştirak etmiş və onu uğurla başa vurmuş gənclərə, o cümələdən Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun aparıcı elmi işçiləri – i.f.d. Səbinə Şıxəliyeva, i.f.d. Gülnarə Fətəliyeva, böyük elmi işçilər - Vəfa Həşimova və Səbinə Əsədovaya sertifikat təqdim olunub.
Gənc əməkdaşlarımızı təbrik edirik və elmi fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq.