Orta Dəhlizdə daşımaların şəbəkəsi genişlənir
- Oxunub 260 dəfə
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) Çindən Türkiyəyə və Avropa ölkələrinə, eləcə də əks istiqamətdə yük axınının artırılmasına xidmət etməklə region ölkələrinin ticarət-iqtisadi əlaqələrinin səmərəliliyinin yüksəldilməsində mühüm rol oynayır. 2023-cü ilin yanvar-iyun aylarında Orta Dəhlizin Azərbaycan seqmenti üzrə yükdaşımaların həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,8 dəfə və yaxud 77,2 faiz artaraq 1 milyon 325 min ton təşkil edib.
Ölkə Prezidenti İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədəki çıxışında son vaxtlar nəqliyyat sektorunun əhəmiyyətinin getdikcə artdığını vurğulayaraq bəzi məhdudlaşdırıcı tədbirlərin yeni nəqliyyat marşrutlarının açılmasına gətirib çıxardığını bildirib. Azərbaycanın əlverişli coğrafi vəziyyətinin ölkəmiz üçün əlavə imkanlar yaratdığını diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Biz nəqliyyat sektorunun inkişafı ilə bağlı uzun illər ardıcıl siyasət aparırıq və öz ərazimizdə infrastrukturu, demək olar ki, əvvəlki dövrün tələbatına uyğun olaraq tam modernləşdirmişik. Amma bu gün tələbat daha da artır. Çünki yüklər artır, nəqliyyat marşrutları, qeyd etdiyim kimi məhdudlaşır. Həm Şimaldan Cənuba və əks istiqamətdə, həm də Şərqdən Qərbə və əks istiqamətdə yükdaşımaların artması göz önündədir. Burada da Azərbaycan çox etibarlı tərəfdaş kimi çıxış edir və öz qonşuları ilə sıx təmasdadır, qonşuların nəqliyyat problemlərinin həlli üçün öz köməyini də əsirgəmir”.
Yeri gəlmişkən, ölkəmizin ərazisindən keçən mühüm nəqliyyat dəhlizləri yerli biznesin inkişaf etdirilməsi üçün də əlavə imkanlar yaradır. İyulun 11-də keçirilən müşavirədə Prezident İlham Əliyev bu mühüm məsələdən ətraflı bəhs edib. Dövlətimizin başçısı bildirib ki, Azərbaycanın böyük yükləri aşıran tranzit ölkəyə çevrilməsi ilə yanaşı, gələcəkdə nəqliyyat marşrutları üzərində istehsal sahələrinin, biznes imkanlarının yaradılmasına da nail olmaq mümkündür. Bu baxımdan Ələt Azad İqtisadi Zonasına dövlətimiz tərəfindən qoyulan sərmayə artıq nəticə verməyə başlayıb. Prezident İlham Əliyev bununla bağlı fikrinin davamı olaraq nəqliyyat dəhlizlərinin biznesə olan təsiri haqqında konseptual qaydada müəyyən araşdırma aparılaraq konkret bir hədəfin müəyyənləşdirilməsini tövsiyə edib. Prezident deyib: “Ölkə ərazisində Cənubdan Şimala və Şərqdən Qərbə gedən yollar, demək olar ki, rayonlarımızın əksəriyyətini əhatə edir. Deməli, hər bir istiqamət üzrə spesifikaya, iqlimə və ixtisaslaşmaya görə xüsusi bir biznes imkanları olmalıdır. Hökumət üzvləri bu məsələ ilə bağlı öz təkliflərini hazırlasınlar. Bizim ümumi biznesin inkişafı konsepsiyamız var, müxtəlif alətlər var, o cümlədən güzəştli kreditlər və digər alətlər. Yəni, bunu indi nəqliyyat marşrutları prizmasından da təhlil etsək, məncə yaxşı olar”.
Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda Çin–Qazaxıstan sərhədindən başlayan marşrut Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Orta Dəhlizlə artacaq yüklərin optimal ötürülməsi məqsədilə zəruri infrastrukturun genişləndirilməsi, dəhliz boyu ölkələrin vahid tarif siyasətinin formalaşması istiqamətində aparılan məsələlərin beynəlxalq səviyyədə uğurla müzakirə edilməsi, eləcə də bu istiqamətdə ölkəmizdə vahid nəqliyyat sistemi və gömrük əməliyyatlarının səmərəliliyinin yüksəldilməsi istiqamətində aparılan uğurlu işlər gələcəkdə bu dəhlizlə daşımaların \sürətlə artmasına səbəb olacaq. Eyni zamanda, Orta Dəhlizin potensial imkanlarından səmərəli istifadə edilməsi əlverişli coğrafi mövqedə yerləşən Azərbaycanın iqtisadiyyatının dayanıqlı və davamlı inkişafına mühüm töhfə verəcək.
Ekspert rəyi
Təbriz YADİGAROV,
Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent
Orta Dəhlizdən keçən blok qatarı Çindən Avropaya yükləri orta hesabla 20-25 günə çatdırır ki, bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir. Hazırda 10 milyon metrik ton və ya hər 200 min konteynerlə qiymətləndirilən bu marşrutun potensialının Azərbaycan, Qazaxıstan və Gürcüstan tərəfindən genişləndirilməsi istiqamətində mühüm işlər görülür.
Nəqliyyat marşrutlarının şaxələndirilməsi və yüklərin çatdırılma sürətinin təmin edilməsi üçün Orta Dəhliz ölkələri tərəfindən tariflərin formalaşdırılması, yüklərin bəyan edilməsi və tranzit yüklərin konsolidasiyası məsələləri ilə məşğul olacaq müəssisənin yaradılmasına ciddi ehtiyac duyulurdu. Bu məqsədlə 2023-cü il iyunun 22-də Azərbaycan və Qazaxıstan arasında nəqliyyat və logistika sektoru, rəqəmsallaşma, turizm, idman və mədəniyyət sahələrində əməkdaşlığı gücləndirmək üçün sənədlər paketi imzalanıb. Sözügedən paketdə Orta Dəhlizin inkişafı məqsədilə iki ölkənin dəmir yolu şirkətlərinin nümayəndələri tərəfindən birgə logistika şirkətinin yaradılması ilə bağlı saziş mühüm əhəmiyyət daşıyır. Sazişə əsasən, tariflərin unifikasiyası və bütün yüklərin Orta Dəhlizdə emalı ilə vahid şirkət məşğul olacaq. Şirkətin əsas vəzifəsi Çin və Avropa arasında yükdaşımaları həyata keçirmək, bütün prosesləri mümkün qədər sadələşdirməkdən ibarət olacaq. Yeri gəlmişkın, əvvəllər marşrut boyu yüklərin çatdırılma müddəti 53 gün idisə, hazırda 18-23 günə endirilib. Yeni şirkət isə 2023-cü ildə yüklərin çatdırılma müddətini 18 zəmanətli günə, daha sonra 10-15 günə endirəcək.
Yeri gəlmişkən, Transxəzər marşrutunu gəmilərsiz təsəvvür etmək mümkün deyil. Son dövrlər ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın Xəzər dənizində ən böyük ticarət donanmasının tərkibinin yenilənməsi dəniz nəqliyyatının rəqabətqabiliyyətini yüksəldərək bu dəhlizin potensial imkanlarından istifadəni xeyli genişləndirib. Təkcə onu qeyd etmək kifayətdir ki, 2023-cü ilin yanvar-iyun aylarında dəniz nəqliyyatında yükdaşımaların həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21,7 faiz artaraq 4 milyon 514 min 700 ton təşkil edib. Ölkəmizin dəniz limanları tərəfindən isə 2023-cü ilin birinci yarımilliyində 6 milyon 328 min ton yükaşırma işləri həyata keçirilib ki, bunun da 82,4 faizi tranzit yüklərin payına düşüb.
Ümumilikdə, hesabat dövründə idxal-ixrac əməliyyatları üzrə 29 milyon 910 min 271 ton yük daşınıb. Bunun isə 4,8 faizi dəniz nəqliyyatına, 12,7 faizi dəmir yolu nəqliyyatına, 8,7 faizi isə avtomobil nəqliyyatına aid olub. Xarici ticarət əməliyyatları üzrə nəqliyyatın bütün növləri ilə daşınan yüklərin dəyəri isə həmin dövr üzrə 26 milyard 166 milyon 413 min ABŞ dolları təşkil edib.
“Xalq qəzeti” 16.07.2023