Azərbaycan Avropanı Asiya ilə birləşdirən Orta Dəhlizin önəmli qovşağıdır
- Oxunub 309 dəfə
Aİ ilə genişlənən nəqliyyat əlaqələri ölkəmizə milyardlarla dollar vəsait qazandıracaq
Avropa İttifaqı (Aİ) ilə enerji sahəsində fəal əməkdaşlıq edən Azərbaycan son illər ümumi inkişaf və tərəqqiyə xidmət edən beynəlxalq səviyyəli nəqliyyat-logistika layihələrini də dəstəkləyir, onların reallığa çevrilməsində yaxından iştirak edir. Bu baxımdan yeni əsrin əsas nəqliyyat marşrutlarından sayılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) kimi irimiqyaslı layihə xüsusi qeyd edilməlidir.
Elə Avropa İttifaqında da Azərbaycanla nəqliyyat əlaqələrinin gücləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanır. Belə ki, Avropa Komissiyasının bugünlərdə yaydığı məlumatda bildirilir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında nəqliyyat əlaqələrinin gücləndirilməsi Ukraynadakı müharibə şəraitində Rusiyanın cənubunda yerləşən Orta Dəhliz kimi nəqliyyat marşrutlarının əhəmiyyətini artırır.
Komissiyadan bildiriblər ki, bu dəhlizin bir hissəsi də Trans-Avropa Nəqliyyat Şəbəkəsinin genişləndirilməsi layihəsinin tərkib hissəsi olaraq Azərbaycandan, xüsusən də Xəzər dənizində yerləşən Bakı limanından keçir. Ona görə də Aİ ilə Azərbaycan arasında nəqliyyat əməkdaşlığının inkişafı Azərbaycanın Avropa ilə Asiya arasında əlaqə kimi əsas rolunun gücləndirilməsində mühüm rol oynayır.
Bildirilib ki, Mərkəzi Asiya ilə dayanıqlı nəqliyyat əlaqələrinin öyrənilməsinin davamı olaraq Aİ 2024-cü ilin əvvəlində Brüsseldə İnvestor Forumu təşkil etməyi düşünür. “Məqsəd iki region arasında dayanıqlı nəqliyyat əlaqələrinin səmərəli inkişafına töhfə verməkdə maraqlı olan Aİ və Mərkəzi Asiya ölkələrindən dövlət və özəl şirkətləri bir araya gətirməkdir”, – deyə məlumatda qeyd olunub.
Prezident İlham Əliyev iyunun 20-də Çinin “China Media Group” media korporasiyasına müsahibəsində Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzərində yerləşdiyini xatırladaraq bildirib ki, vaxtilə nəqliyyat infrastrukturunun olmaması ucbatından ölkəmiz bu əlverişli coğrafi imkanlarından istifadə edə bilmirdi. Dövlətimizin başçısı deyib: “Mən tam əmin idim ki, biz bu vəziyyəti yaxşılaşdıra bilərik. Biz nəqliyyat infrastrukturuna böyük sərmayə qoyuluşuna 15 il əvvəl başladıq. İlk olaraq yerli infrastrukturu inkişaf etdirmək üçün biz bu sahəyə böyük sərmayə yatırmağa başladıq. Eyni zamanda, qonşularımızla da bağlantı körpüləri qurmağa başladıq. Biz mühüm tranzit ölkəsi olmaq arzusundaydıq, ancaq bunun üçün təkcə coğrafiya kifayət etmir. Hətta infrastruktur da kifayət deyil, burada digər məsələyə ehtiyac var. Bu isə qonşularla yaxşı münasibətlərdir. Qonşularla əməkdaşlıq olmadan tranzit ölkəyə çevrilmək olmaz. Bu isə bizim xarici siyasətimizin tərkib hissəsi idi”.
Çinli jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev bildirib ki, Azərbaycan “Bir kəmər, bir yol” layihəsinə qoşularkən artıq hazır infrastrukturu var idi. İndi isə ölkəmizdə infrastrukturla bağlı texniki imkanların artırılması sahəsində işlərin görüldüyünü diqqətə çatdıran dövlətimizin başçısı qeyd edib ki, Şərqdən Qərbə daşınan yüklərin həcminin artması səbəbindən yükdaşıma baxımından yarana biləcək problemlərin aradan qaldırılması məqsədilə ticarət limanımızı genişləndirir, dəmir yolumuzu müasirləşdiririk. Prezident, həmçinin Azərbaycandan Türkiyə və Avropa istiqamətində gedən əlavə yol olacaq Zəngəzur dəhlizi üzərində çox fəal şəkildə iş aparıldığını diqqətə çatdıraraq ölkəmizin ərazisində tikinti işlərinin, təxminən, 70 faizinin başa çatdırıldığını bildirib.
Yeri gəlmişkən, Avropa İttifaqı tərəfindən aparılmış araşdırma göstərir ki, 2040-cı ilə qədər Orta Dəhliz boyunca konteyner daşımaları 270 min TEU-ya çata bilər. Bununla yanaşı, yaxın 10 ildə Asiya ilə Avropa qitələri arasındaki ticarət dövriyyəsinin həcminin 650-700 milyard dollara çatacağı proqnozlaşdırılır. Bunun isə ölkəmiz üçün iqtisadi səmərəsi son dərəcə yüksək olacaq. Ekspertlər hesab edirlər ki, əgər beynəlxalq yüklərin 10 faizi Azərbaycan üzərindən daşınsa, ölkəmizin büdcəsi il ərzində bundan 3-3,5 milyard dollar vəsait qazanacaq.
Ekspert rəyi
Təbriz YADİGAROV,
ETN İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent
Azərbaycanın coğrafi mövqeyi və mövcud yol-nəqliyyat infrastrukturu ölkəmizi Orta Dəhliz üzrə yeni ticarət yolunun inkişafında potensial dayaq nöqtəsinə çevirir. Son illər Azərbaycan bu ticarət dəhlizinin əhəmiyyətinin artmasını nəzərə alaraq iddialı strateji planlaşdırma və artan ticarət həcmini idarə etmək məqsədilə nəqliyyat infrastrukturunun inkişafına və təkmilləşdirilməsinə böyük sərmayə qoyub.
Artıq ölkəmiz daha böyük həcmdə yüklərin qəbulu və malların səmərəli daşınmasını asanlaşdırmaq üçün limanlarını genişləndirməyi üzərinə götürməklə yanaşı, Xəzərdə ən böyük logistika donanmasının tərkibini yeniləyərək Orta Dəhlizdə yüksək dəyərli əmtəələri idarə etmək qabiliyyətinə malik olmaqla artan ticarət dövriyyəsini idarə etməyə tam hazırdır.
Rusiya–Ukrayna müharibəsi Şimal marşrutu ətrafında qeyri-müəyyənliklərin yaranmasına, bu dəhlizlə bağlı əməliyyat riskinin və xərclərin xeyli artmasına səbəb olub. Avropa və Çin arasında fasiləsiz ticarət əlaqələrini saxlamaq üçün geosiyasi baxımdan təhlükəsiz və logistik cəhətdən əlverişli olan Orta Dəhliz Rusiyadan yan keçməklə yüklərin daha sürətli daşınmasını təmin etməyə imkan verir. Bu isə Avropa İttifaqı ilə Azərbaycan arasında nəqliyyat əlaqələrinin gücləndirilməsini şərtləndirən Orta Dəhlizin əhəmiyyətini daha da artırır.
Qeyd edək ki, 4250 kilometr dəmir yolu xətlərindən və təxminən 500 kilometr dəniz yolundan ibarət olan Orta dəhliz Çindən, Qazaxıstandan, qismən də Özbəkistan və Türkmənistandan keçməklə Xəzər dənizi, Azərbaycan və Gürcüstandan Qara dənizə uzanan multimodal quru və dəniz nəqliyyatı marşrutu kimi ölkəmizlə Aİ dövlətləri arasında dayanıqlı nəqliyyat əlaqələrinin səmərəli inkişafında və iqtisadi əlaqələrin genişləndirilməsində mühüm rol oynayır. Təkcə onu qeyd etmək kifayətdir ki, 2023-cü ilin ilk yarısında Azərbaycanla Aİ ölkələri arasında ümumi ticarət dövriyyəsi 13 milyard 734 milyon 592 min ABŞ dolları təşkil edib ki, bunun da 12 milyard 192 milyon 335 min dolları ixrac, 1 milyard 542 milyon 256 min dolları isə idxal əməliyyatlarının payına düşüb. Aİ ölkələri ilə ixrac əməliyyatlarının 64 faizini isə xam neft və xam neft məhsulları təşkil edib. Ümumilikdə, Aİ ilə ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 9,7 faiz artıb.
Araşdırmalar göstərir ki, Ai ilə nəqliyyat əlaqələrinin gücləndirilməsi iqtisadiyyatın şaxələndirilməsi və neftdən sonrakı dövrdə “qara qızıl”dan əldə olunan gəlirlərdən asılılığın azaldılmasında mühüm strateji transformasiya rolunu oynayacaq. Bu amil, həm də ölkəmizi qlobal ticarət yollarında həlledici oyunçuya çevirməklə əhəmiyyətli geosiyasi təsir rıçaqlarının yaranmasına imkan verəcək. Bu isə qlobal səhnədə Azərbaycanın mövqeyini daha da gücləndirərək ölkəmizin təhlükəsizliyinə böyük töhfə verəcək.
“Xalq qəzeti” 02.08.2023.