Professor Tərbiz Əliyev Füzuli rayonunda keçirilən konfransda çıxış edib
- Oxunub 311 dəfə
Füzuli rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində “Əsrin müqaviləsi tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” adlı konfrans keçirilib. Füzuli Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən konfransda Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru, professor Tərbiz Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ziyalılar, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Konfrans başlamazdan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və bir qrup ziyalı Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
Konfransın açılışında dövlət himni səsləndi, Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Ulu Öndər Heydər Əliyevin uğurlu neft strategiyasından bəhs edən videoçarx nümayiş olundu.
Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu neft strategiyasından, “Əsrin müqaviləsi”nin tarixi əhəmiyyətindən danışıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan böyük Zəfərin mənbəyində məhz Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu uğurlu iqtisadi siyasətin dayandığından söz açan Alı Alıyev, Azərbaycanda həyata keçirilən neft strategiyasının xalqımızın rifahına xidmət etdiyini vurğulayıb.
Daha sonra professor Tərbiz Əliyev "Neft strategiyası Azərbaycanın dinamik iqtisadi inkişafının və tarixi zəfərimizin təminedicisidir" mövzusunda geniş məruzə ilə çıxış edib. “Əsrin müqaviləsi”nin iqtisadi və siyasi təhlilini aparan, tarixi əhəmiyyətini diqqətə çatdıran T.Əliyev müəllifi olduğu və yeni nəşr olunmuş “Heydər Əliyev dühasına iqtisadçı baxışı” adlı kitabında da bu mövzuya toxunduğunu qeyd edib. Tədbirdə mövzu ətrafında geniş müzakirələr aparılıb.
Prof. Təbriz Əliyev "Neft strategiyası” Azərbaycanın dinamik iqtisadi inkişafının və tarixi zəfərimizin təminedicidir" mövzusunda məruzəsi