Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İİKTM-in içracı direktoru İqtisadiyyat İnstitutunda elmi məruzə ilə çıxış edib

  • Oxunub 533 dəfə

Oktyabrın 18-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda elmi seminar keçirilib. İnstitutun baş direktoru, i.e.d., professor Nazim Müzəffərlinin sədrliyi ilə baş tutan tədbirə İqtisadiyyat İnstitutunun, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, dövlət orqanlarının nümayəndələri, millət vəkilləri, ölkənin bir sıra ali təhsil müəssisələrinin əməkdaşları da qatılıblar.

 Tədbiri giriş sözü ilə açan prof. N.Müzəffərli 18 oktyabr Müstəqilliyin Bərpası Günü barədə danışıb, bu günlərdə Xankəndində Azərbaycan bayrağının dalğalanmasını müstəsna əhəmiyyətə malik tarixi hadisə kimi qiymətləndirib. Ali Baş Komandanın rəhbərliyi altında dövlət suverenliyimizin tam bərpa olunduğunu, bu sahədə ordumuzun və əsgərlərimizin qəhramanlığını, milli birliyimizi, müstəqillik uğrunda xalqımızın mübarizə əzmini xüsusi qeyd edib.    

Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı “Türk dünyası iqtisadiyyatı: inteqrasiya və inkişaf” mövzusunda məruzə edib. Bildirib ki, türk dövlətləri arasında münasibətlər yüksələn xətlə inkişaf edir və bu münasibətlərin daha da möhkəmləndirilməsi Azərbaycanın prioritet istiqamətlərindəndir. Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Avropa İttifaqının ərazisindən daha böyük coğrafiyanı əhatə etdiyini vurğulayıb və deyib ki, əgər TDT bir dövlət olsaydı, dünyada top 10-luğa düşərdi. Türk dövlətləri dünya əhalisinin 2,2 faizini, ümumi ticarət dövriyyəsinin 2,4 faizini və qlobal ÜDM-in 1,6 faizini təşkil edir. Mövcud potensial isə bu rəqəmlərin gələcəkdə artırılmasına imkan verir.

V.Qasımlı həmçinin, türk dövlətlərinin logistik imkanlarından, çoxtərəfli ticarət dövriyyəsinə təsir edən faktorlardan danışıb. Bildirib ki, “Heartland”də yerləşən Türk Dövlətləri Təşkilatı (TDT) Şərqlə Qərbi birləşdirən Orta dəhlizin əsas drayveridir. O, türk dövlətləri arasında birbaşa xarici investisiya qoyuluşunun və ticarət əlaqələrinin şəbəkə analizinin nəticələrini açıqlayıb. “Qravitasiya modeli”nin nəticələrinə əsaslanaraq qeyd edib ki, türk dövlətlərində paytaxtlararası məsafənin böyük olması ticarət dövriyyəsinə mənfi təsir göstərsə də, ortaq dil, ÜDM, əhali sayı və ümumi sərhədlərin mövcudluğu ticarət dövriyyəsinə müsbət təsir göstərir.

Məruzəçi türk dövlətləri arasında siyasi və iqtisadi inteqrasiyanın dərinləşməsində “Türk Dünyasına Baxış - 2040” sənədinin xüsusi rolu olduğunu qeyd edərək bildirib ki, sənəddə türk dövlətləri arasında iqtisadi işbirliyi, nəqliyyat, gömrük, enerji, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın yol xəritəsi verilib.

Sonda prof. V.Qasımlı sualları cavablandırıb, mövzu ətrafında geniş və maraqlı müzakirələr keçirilib (economics.com.az).