Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Bakı Biznes Universitetinin magistrantlarına İqtisadiyyat İnstitutunun sertifikatı verilib

  • Oxunub 302 dəfə

Dekabrın 15-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir.

 İnstitutun baş direktoru, i.e.d., professor Nazim Müzəffərli İqtisadiyyat İnstitutunda Bakı Biznes Universitetinin (BBU) magistrantları üçün təşkil olunmuş elmi-tədqiqat təcrübəsi barədə məlumat verib, elmi müəssisələrlə universitetlər arasında əməkdaşlığın əhəmiyyəti, elm və təhsilin inqeqrasiyası, birgə layihələrin həyata keçirilməsinin faydaları barədə danışıb. Bu tip layihələrin, əməkdaşlığın təşkilinin digər elm və təhsil qurumları üçün yaxşı nümunə ola biləcəyini vurğulayıb.  

 Elmi tədqiqat təcrübəsinin rəhbəri,  i.f.d, dosent Tariyel Qurbanov hesabat məruzəsi ilə çıxış edib,  kursunun yüksək səviyyədə təşkili, İqtisadiyyat İnstitutunun aparıcı alimlərinin bu prosesə cəlb olunması barədə məlumat verib. Bildirib ki, noyabrın 20-dən dekabrın 15-nə kimi İqtisadiyyat İnstitutunun alimləri  tərəfindən keçirilən təlimlərdə BBU-nun II kursda təhsil alan 10 magistrantı iştirak edib. Kursların keçirilməsi üçün İqtisadiyyat İnstitutu ilə Bakı Biznes Universiteti (BBU) arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən ödənişli olan təlim kursları üçün BBU  İqtisadiyyat İnstitutuna vəsait ödəyir. Bu, özəl universitetlə elmi İnstitut arasında haqqı ödənilmək şərti ilə tələbə və magistrantlara ixtisas üzrə təşkil olunan təlim olaraq Azərbaycanda maraqlı və diqqət çəkən təcrübədir. Onlar üçün elmi tədqiqat xarakterli təlimlər, praktiki məşğələlər təşkil olunub. Universitetin magistrantları İqtisadiyyat İnstitutunda aparılan elmi-tədqiqat işləri ilə də tanış olmaq imkanı qazanıblar. Son illər diqqət çəkən araşdırmalar aparan, kitablar nəşr edən, müvafiq hökumət qurumlarında ekspert qismində təmsil olunan İqtisadiyyat İnstitutu bu sahədə peşəkar elmi təcrübəyə malikdir.

 Tədbirdə BBB-nun Karyera və məzunlarla iş mərkəzinin direktoru Qafar Bağırov, təlim keçmiş iqtisadçı alimlər, magistrlar da iştirak ediblər.  Magistrantlar təlimin onların gələcək karyerası üçün əhəmiyyətindən söz açıblar, təşkilatçılara, bu işdə əməyi olan hər kəsə öz minnətdarlıqlarını bildiriblər.

Sonra təlimlərdə iştirak etmiş və yüksək nəticələr göstərmiş BBU-nun magistrantlarına İqtisadiyyat İnstitutunun sertifikatları verilib (economics.com.az).