Professor Nazim Müzəffərli Azərbaycan Texnologiya Universitetində mühazirə oxuyub
- Oxunub 406 dəfə
Azərbaycan Texnologiya Universitetində (ATU) Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutu ilə əməkdaşlıq çərçivəsində tədbir keçirilib. Tədbirdə ATU-nun professor-müəllim heyəti, İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim Müzəffərli, baş menecer Şakir Alıyev, şöbə müdiriləri Allahyar Muradov, Pərviz Həsənov, Mahir Zeynalov və aparıcı elmi işçi Famil Rüstəmov iştirak ediblər.
Tədbiri giriş sözü ilə Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsini müvəqqəti icra edən Yaşar Ömərov açaraq qonaqları salamlayıb, tədbirin əsas məqsədi barədə məlumat verib. Elmi tədqiqat institutları ilə universitetlər arasında əməkdaşlığın əhəmiyyəti, elm və təhsilin inteqrasiyası, birgə layihələrin həyata keçirilməsinin faydaları barədə danışıb.
Sonra professor Nazim Müzəffərli ATU-nun professor-müəllim heyəti üçün “Azərbaycan bölgələrinin maliyyə özünəyetərliyi” mövzusunda mühazirə oxuyub. Araşdırmanın metodologiyası və nəticələri haqqında geniş məlumat verərək bildirib ki, İqtisadiyyat İnstitutunun bir qrup əməkdaşının iştirakı ilə yerinə yetirilmiş bu tədqiqat Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sifarişi ilə həyata keçirilib. Tədqiqatın məqsədi ölkənin inzibati və iqtisadi rayonlarının maliyyə özünəyetərliyi səviyyəsini qiymətləndirmək və bu əsasda reytinqini tərtib etməkdir. Bunun üçün müəlliflərin təklif etdiyi 3 fərqli metodologiya əsasında bölgələrimiz üçün “Özünümaliyyələşdirmə səviyyəsi indeksi” hesablanıb. Qiymətləndirmə zamanı regionların inkişaf dinamikası, sosial-iqtisadi göstəriciləri, əvvəlki dövrlərdə qəbul olunmuş qərarların regional inkişafa təsirləri kimi məsələlər də araşdırılıb. Tədqiqatın nəticələri Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunub.
Təqdimat zamanı araşdırmanın metodologiyası və nəticələri haqqında məlumat verilib. Sonra tədqiqatla bağlı geniş müzakirə aparılıb, müəlliflər bölgələrimizdə özünümaliyyələşdirmə səviyyəsinin yüksəldilməsi ilə bağlı sualları cavablandırıblar.
Tədbirdən sonra ATU-nun rəhbər heyəti ilə iki qurum arasında əməkdaşlığın daha da genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib (economics.com.az)