Görkəmli alim Aqil Əliyevin 90 illik yubileyi keçirilmişdir
- Oxunub 1324 dəfə
13.12.2016
Tədbirdə İqtisadiyyat İnstitutunun alimləri də məruzə ilə çıxış ediblər
Dekabrın 13-də AMEA-da görkəmli iqtisadçı alim, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, professor Aqil Əliyevin anadan olmasının 90 illiyi münasibətilə yubiley tədbiri keçirildi. Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq görkəmli alimin yubileyinin Azərbaycan Prezidenti İlham Əliyevin “Aqil Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında” 2016-cı il 8 dekabr tarixli sərəncamına əsasən təşkil olunduğunu söyləyib. AMEA prezidenti görkəmli alimin elmi-pedaqoji və ictimai fəaliyyətinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini söyləyib.
Toplantıda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Cəmiyyətşünaslığın iqtisadi əsaslarının sosial konsepsiyası” mövzusunda məruzə ilə çıxış edib. Habelə AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov Aqil Əliyev haqqında xatirələrini bölüşüb.
Tədbirdə AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli (İmanov) "İqtisadi inkişaf və ictimai rifah" adlı təqdimatla çıxış edib. O, tanınmış iqtisadçı-alim Aqil Əliyevin iqtisadi inkişafın içtimai rifahın yüksəlməsinə xidmət etməli olması fikrini əsas tutaraq AMEA İqtisadiyyat İnstitutunun bu sahədə apardığı uğurlu tədqiqatlardan danışıb, məhz liberal iqtisadi islahatların içtimai rifahı yüksəldə biləcəyi qənaətinə gəldiklərini vurğulayıb.
Habelə tədbirdə İqtisadiyyat İnstitutunun digər alimləri - AMEA-nın müxbir üzvü Şahbaz Muradovun "Əhalinin həyat səviyyəsi və keyfiyyət problemlərinin tədqiqi sahəsində görkəmli iqtisadçı alim", professor Rəna Sultanovanın "Görkəmli alimin şərəfli ömür yolu və müasirlik" adlı məruzələri dinlənilib. Diqqətə çatdırılıb ki, Aqil Əliyev böyük iqtisadçı alim, mahir pedaqoq, yaxşı təşkilatçı olmaqla yanaşı, həm də gözəl və qayğıkeş insan idi. Tədbir digər qonaqların Aqil Əliyevin həyat və elmi fəaliyyəti haqqında çıxışları ilə davam edib (economics.com.az).