“AzScienceNet: mövcud vəziyyəti, imkanları və inkişaf perspektivləri”
- Oxunub 1151 dəfə
Seminarda AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, i.f.d. Mahir Zeynalov da iştirak edib
Yanvarn 31-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda AMEA Rəyasət Heyətinin “AzScienceNet Elm-Kompüter Şəbəkəsinin fəaliyyətinin gücləndirilməsi haqqında” 14 dekabr 2016-cı il tarixli qərarına əsasən “AzScienceNet: mövcud vəziyyəti, imkanları və inkişaf perspektivləri” mövzusunda respublika elmi-praktiki seminarı keçirildi.
AMEA-nın elmi müəssisə və təşkilatlarının AzScienceNet-in xidmət və imkanlarından, o cümlədən Multimedia Qalereyasından daha səmərəli istifadəsini təmin etmək məqsədilə keçirilən tədbirdə akademiyanın elmi-tədqiqat institut və təşkilatları, Təhsil Nazirliyinin ali təhsil və elmi müəssisələrinin İKT üzrə məsul şəxsləri, o cümlədən AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, “economics.com.az” saytının baş redaktoru, i.f.d. Mahir Zeynalov da iştirak edirdilər.
Müasir dövrdə AMEA-nın elmi qurumlarında idarəetmə və aparılan elmi-tədqiqat işlərinin səmərəliyinin yüksəldilməsi, onların fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi üçün elmi fəaliyyətin İKT-nin tətbiqi ilə yenidən qurulması aktual məsələlərdəndir. Bu baxımdan, AMEA-nın institut və təşkilatlarının İnternet xidmətləri ilə dünya elminə inteqrasiyasını təmin edən, elm və təhsil şəbəkələri üzrə milli operator funksiyasını yerinə yetirən AzScienceNet Elm-Kompüter Şəbəkəsi (EKŞ) böyük əhəmiyyətə malikdir.
Tədbirdə İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev seminarın “Azərbaycan 2020: gələcəyə baxış: İnkişaf Konsepsiyası” və “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”dan irəli gələn vəzifələrin yerinə yetirilməsinə xidmət etdiyini bildirdi. AzScienceNet-in texniki imkanlarının genişləndirilməsi istiqamətində görülmüş işlər nəticəsində hazırda AMEA-nın elmi müəssisə və təşkilatlarına məxsus 6500-ə yaxın kompüter avadanlığı AzScienceNet şəbəkəsinə qoşulub.
Seminarda müxtəlif mövzular üzrə məruzələr dinlənildi, geniş fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı (economics.com.az).