İqtisadiyyatda riyazi modellərin tətbiqinə həsr olunmuş seminar
- Oxunub 1987 dəfə
İlk toplantıda müasir hesablamalarda MATLAB-ın tətbiqi imkanları müzakirə edildi
Martın 2-də AMEA İqtisadiyyat İnstitutunda iqtisadiyyatda riyazi modellərin tətbiqinə həsr olunmuş seminar keçirildi. Əsasən gənc tədqiqatçıların, doktorant və dissertantların qatıldığı tədbiri giriş sözü ilə açan İnstitutun direktoru, professor Nazim Müzəffərli iqtisadiyyatda riyazi modellərin praktikada tədbiqinin, riyazi ölçmələrin və qiymətləndirmənin əhəmiyyətindən danışdı, müasir elmi tədqiqatlarda məhz riyazi modellərə üstünlük verildiyini xüsusi vurğuladı.
İqtisadiyyat İnstitutunun “İqtisadi tədqiqatların riyazi təminatı” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Akif Musayev iqtisadiyyatda riyazi modelləşdirmənin mahiyyətindən, əsas xüsusiyyətlərindən danışdı, müxtəlif riyazi modellər, onların fərqli və üstün cəhətlərini seminar iştirakçılarının diqqətinə çatdırdı.
Sonra İnstitutun “İqtisadi tədqiqatların riyazi təminatı” şöbəsinin aparıcı elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru Rəvanə Davudova "Müasir hesablamalarda MATLAB-ın tətbiqi" mövzusunda çıxış etdi. Məqsəd tədqiqatçılara apardıqları iqtisadi tədqiqatlarında MATLAB proqramından istifadəni öyrətməkdir. Bu sahədə ilk təqdimat maraqla qarşılandı və geniş müzakirə edildi. Növbəti həftələrdə mövzu üzrə seminarların davam etdirilməsi qərara alındı (economics.com.az).