Qırğızstan MEA İqtisadiyyat İnstitutu ilə əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilib
- Oxunub 854 dəfə
İyunun 7-də AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçiləri - i.f.d. Mahir Zeynalov və i.f.d. Ramil Əliyev Qırğızstanın paytaxtı Bişkek şəhərində Qırğızstan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru Toktobyubyu Dıykanbayeva ilə görüşüblər.
Qırğızstan MEA İqtisadiyyat İnstitutunda baş tutan görüşdə hər iki elmi İnstitut arasında əməkdaşlıq imkanları, qarşılıqlı əlaqələrin genişləndirilməsi, birgə tədqiqatların aparılması və tədbirlərin keçirilməsi perspektivləri müzakirə edilib. Qarşılıqlı təcrübə mübadiləsi aparılıb. Azərbaycanlı alimlər son illər Azərbaycan elminin inkişafı, bu sahədə həyata keçirilən tədbirlər, yeniliklər və əldə olunan nailiyyətlər, “Elm haqqında” qanunun qəbul edilməsi, innovativ layihələrin həyata keçirilməsi, habelə AMEA İqtisadiyyat İnstitutunun fəaliyyəti haqqında geniş məlumat veriblər. Görüşdə İnstitutlar arasında əlaqələrin daha da genişləndirilməsi barədə razılıq əldə olunub.
Xatırladaq ki, AMEA İqtisadiyyat İnstitutunun əməkdaşları iyunun 8-9-da Bişkekdə keçirilən “Avrasiya İqtisadi İttifaqı ölkələrinin inteqrasiyalı inkişafı imkanları - tədqiqatçıların və ekspertlərin dialoqu" adlı konfrans çərçivəsində Qırğızstanda səfərdə olublar (economics.com.az).