Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Təşkilatının II Forumu keçirilib

  • Oxunub 1405 dəfə

 Tədbirdə AMEA İqtisadiyyat İnstitutunun professoru Rəna Sultanova da iştirak edib

 Sentyabrın 7-8-də Çinin Urumçi şəhərində Asiya İnkişaf Bankının təşkilatçılığı ilə Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Təşkilatının (CAREC) II forumu keçirilib. 2001-ci ildə yaradılan və 11 ölkənin (Çin, Yaponiya, Monqolustan, Pakistan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Türkmənistan) daxil olduğu CAREC-in I forumu 2016-cı ildə baş tutub.

 Təşkilata üzv ölkələrin nümayəndələrinin qatıldığı II forumda AMEA İqtisadiyyat İnstitutunun “Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri” şöbəsinin müdiri, i.e.d., professor Rəna Sultanova da iştirak edib. O, forum çərçivəsində aparılan bütün müzakirələrə fəal şəkildə qatılıb. Tədbirdə CAREC regionunda inteqrasiya və iqtisadi əməkdaşlığın vəziyyəti, qlobal dəyər zəncirində CAREC ölkələrinin iştirak səviyyəsinin ölçülməsi (Çinin timsalında qiymətləndirmə), analitik mərkəzlərin inkişafı, ticarət və infrastruktur sahəsində əməkdaşlığın istiqamətlərinin tədqiqi, CAREC-də davamlı inkişafın mümkünlüyü və infrastrukturun inkişafının maliyyələşdirilməsi, CAREC ölkələrinin ticarət siyasətinin uyğunlaşdırılması, institutsional inkişaf kimi məsələlər geniş müzakirə olunub. Forumun əsas məqsədi CAREC ölkələri arasında iqtisadi əlaqələrin və ticarətin genişləndirilməsi, habelə gömrük tariflərinin aşağı salınması kimi məsələlərin həlli, Urumçidə beynəlxalq nəqliyyat mərkəzinin yaradılmasıdır.

 Forum çərçivəsində CAREC ölkələrinin Şurası yaradılıb və bura hər bir iştirakçı ölkədən nümayəndələr daxil edilib. Azərbaycandan Şuraya 2 nəfər – prof. Rəna Sultanova və İqtisadi Əməkdaşlıq Təşkilatının keçmiş baş katibi Şamil Ələsgərov üzv olub. Bununla yanaşı, Ş.Ələsgərov 2 il müddətində CAREC ölkələrinin Şurasına sədrlik edəcək (economics.com.az).