Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi Seminarda iki dissertasiya işinin müzakirəsi keçirildi

  • Oxunub 2070 dəfə

 Oktyabrın 2-də AMEA İqtisadiyyat İnstitutunda Elmi Seminar keçirildi. Professor Tərbiz Əliyevin sədrliyi ilə baş tutan seminarda iki iddiaçının iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdikləri dissertasiya işlərinin müzakirələri aparıldı. İddiaçılar barədə Elmi Seminarın katibi, i.f.d. Sevda Seyidova məlumat verdi.

  İlk olaraq İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun doktorantı Şahbazov Firdovsi Həşim oğlu “Azərbaycan Respublikasında makroiqtisadi proporsiyaların tənzimlənməsinin investisiya amili” mövzusunda (“Ümumi iqtisadiyyat” ixtisası üzrə) dissertasiya işi haqda məlumat verdi (elmi rəhbər prof. R.A.Quliyev). O, işin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın əsas məzmunu, nəticə və təkliflər ətrafında cıxış etdi.

 İş üzrə təyin olunmuş rəyçilər – i.e.d. Məhiş Əhmədov və i.f.d. Asif Mustafayev təqdim etdikləri rəylərdə mövzunun aktuallığını qeyd etməklə yanaşı əsaslandırılmış şəkildə irad və təkliflərini bildiriblər. İddiaçı F.Şahbazov seminar üzvlərinin ona ünvanlanmış suallarına, habelə rəyçilərin iradlarına öz fikrini bildirdi. Seminar üzvləri tədqiqat işi ilə bağlı öz mülahizələrini, irad və təkliflərini səsləndirdilər. Sonda dissertasiya işi açıq səsvermə yolu ilə irad və təkliflərin nəzərə alınması şərti ilə növbəti müzakirə mərhələsinə tövsiyyə olundu.

 Seminarın ikinci hissəsində Azərbaycan Texnologiya Universitetinin doktorantı Əfəndiyev Sadiq Qəhrəman oğlu “Azərbaycanın emal sənayesi müəssisələrinin iqtisadi inkişafda rolu və onun təkmilləşdirilməsi mexanizmləri” mövzusunda (“Sahə ixtisası” üzrə) dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış etdi (elmi rəhbər prof. Q.S.Süleymanov). Tədqiqat işinin aktuallığını, məzmununu, əsas elmi yeniliklərini, nəticə və təkliflərini diqqətə çatdırdı.

 Sonra iş üzrə təyin olunmuş rəyçilər – i.e.d., prof. İlham Aslanzadə və i.f.d. Rüfət Əfəndiyev əsaslandırılmış şəkildə irad və təkliflərini qeyd etdilər. Digər cıxış edən seminar üzvləri də mövzunun aktual olduğunu vurğulamaqla yanaşı irad və təkliflərini səsləndirdilər. İddiaçı S.Əfəndiyev suallara cavab verdi, qeyd olunan iradları işdə nəzərə alacağını bildirdi. Sonda dissertasiya işində rəyçilərin və seminar üzvlərinin iradları əsasında düzəlişlər edilməsi, habelə onların hər biri ilə razılaşdırılmaq şərti ilə növbəti müzakirə mərhələsinə tövsiyyə olundu (economics.com.az).